Türkiyə haqlı mübarizəsində daim Azərbaycanın yanındadır

Tarix: 28.09.2020


Türkiyədə fəaliyyət göstərən Azərbaycan mədəniyyət və həmrəylik cəmiyyətləri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları ilə bağlı bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, bir çox dərnəklərin və qeyri-hökumət təşkilatlarının sədrlərinin imzası ilə yayımlanan bəyanatda Türkiyənin haqlı mübarizəsində daim Azərbaycanın yanında olduğu ifadə edilib. Bildirilib ki, cəbhə xətti boyunca Ermənistan ordusu tərəfindən genişmiqyaslı təxribatların törədildiyi və Azərbaycan Ordusunun mövqelərinə, mülki yaşayış məntəqələrinə iriçaplı silahlardan, toplardan və minaatanlardan atəş açılması barədə xəbərlər qardaş ölkədə hiddətlə qarşılanıb. Ermənistan ordusu tərəfindən Azərbaycan kəndlərinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində dinc əhali arasında ölən və xəsarət alanların olduğu, yaşayış məntəqələrinə ciddi ziyan dəyməsinə dair rəsmi açıqlamalar Türkiyədə böyük qəzəb doğurub. Azərbaycan dövlətinin özünümüdafiə hüququndan istifadə edərək qətiyyətli cavab verilməsi ilə bağlı qərarı qardaş ölkədə hamını həyəcanlandırdı. Azərbaycanın qətiyyətli cavab zərbələri nəticəsində Ermənistana məxsus 12 zenit-raket kompleksinin və bir çox hərbi texnikanın məhv edildiyini öyrəndik.

“Biz, Türkiyədə fəaliyyət göstərən QHT-lər olaraq bütün türk milləti ilə birlikdə haqlı davasında Azərbaycanın yanındayıq. İyirmi səkkiz ildir Azərbaycan torpaqlarını işğal edərək bölgədə gərginlik yaradan, beynəlxalq hüquq normalarına məhəl qoymayan, dəstəkçiləri ilə birlikdə Cənubi Qafqazı müharibə meydanına çevirməyə çalışan, minlərlə günahsız insanın ölümünə, eləcə də Xocalı soyqırımına səbəb olan Ermənistanı qətiyyətlə qınayırıq. Bu gün Türkiyə dövlətinin rəsmi şəxsləri tərəfindən Türkiyənin haqlı davasında daim Azərbaycanın yanında olduğuna dair bəyanatlar rəğbətlə qarşılandı. Hamımız Can Azərbaycanın yanındayıq və Vətən torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistanın təxribatlarına qarşı özünümüdafiə hüququndan istifadə edən Azərbaycan Ordusunun əsgərləri ilə çiyin-çiyinə döyüşməyə hazırıq”, - deyə bəyanat xüsusi vurğulanıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul