Yaponiya təkrar istifadə oluna biləcək reaktiv daşıyıcı raketin yaradılmasına başlayıb

Tarix: 01.12.2021


Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) yaxın vaxtlarda təkrar istifadə oluna biləcək reaktiv daşıyıcı raketin yaradılması barədə proqramın həyata keçirilməsinə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü “Nikkei” qəzeti məlumat yayıb. Qeyd edilir ki, bu, kosmosa uçuşların dəyərini 75 faizədək aşağı salacaq. Bildirilir ki, həmin proqramın reallaşdırılmasında 30-a yaxın yapon şirkəti iştirak edəcək.

Nəşrin məlumatında görə həmin şirkətlər sırasında ağır sənaye sahəsində tanınmış “Mitsubishi Heavy Industries” şirkəti və ölkənin ikinci nəhəng aviadaşıyıcı olan “ANA Holdings” şirkəti də var.

Məlumat üçün qeyd edək ki, hazırda Yaponiyada süni peyklərin orbitə çıxarılması üçün “H-2A” və “Epsilon” daşıyıcı raketlərindən istifadə edilir.

JAXA və onun tərəfdaşlarının ilk təkrar istifadə oluna biləcək daşıyıcı raketin prototipini 2026-cı ildə nümayiş etdirəcəyi, 2030-cu ildə isə ilk sınaq buraxılışını həyata keçirəcəyi gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio