“Azərbaycan” jurnalının yeni nömrəsində...

Tarix: 25.01.2019

Azərbaycan Yazıçılar Birliyinin (AYB) aylıq ədəbi orqanı olan “Azərbaycan” jurnalının yeni ildə ilk nömrəsi çapdan çıxıb.

“Mədəniyyət tariximizdən” rubrikasında şair Vaqif Bəhmənlinin jurnalın 96 illik fəaliyyəti barədə düşüncələri yer alıb.

“20 Yanvar – tariximizin qan yaddaşı” rubrikasında İsmayıl İmanzadənin etüdləri təqdim edilib.

Jurnal ”Nəsimi ili”ni Firudin Qurbansoyun “Hürufiliyin mənbəyi və təzahürü” məqaləsi ilə başlayır. Vilayət Quliyevin təqdimatında Əhməd Ağaoğlunun “Altmış yeddi il sonra” adlı xatirələri çap olunub.

Jurnalda Aynur Quliyevanın ispan dilindən tərcümədə Qabriel Qarsia Markesin “Nağıllar üçün yaşa” əsərindən bir hissə dərc olunub.

Unudulmaz Aydın Məmmədovu İntiqam Qasımzadə yad edir. Bu iki dostun gənclik illərinin yadigarı olan yazışmalarını həyəcansız oxumaq olmur.

“Ədəbi söhbətlər” rubrikasında tənqidçi Nərgiz Cabbarlının professor Nizaməddin Şəmsizadə ilə söhbəti yer alıb. Günel Natiq “Ədəbi talelər”də Çarlz Dikkensdən söhbət açır.

Poeziyasevərlər bu nömrədə Balayar Sadiq, Ağa Səfa, Gülnarə Cəmaləddin, Orxan Səffari, Əbülfət Mədətoğlu və Tapdıq Yolçunun yeni şeirləri ilə tanış ola bilərlər.

Nəsr bölməsində Murad Köhnəqalanın “Zamanın üst küçəsi” povesti təqdim edilib.

“Kitablar, rəylər” rubrikasında Vaqif Yusifli Fəridə Səfiyevanın “Bir ömrün iziylə” kitabından söz açır. Kitab Heydər Hüseynovun həyatı ilə bağlı indiyədək məlum olmayan faktların zənginliyi ilə qiymətlidir.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)