“Cəfər Cabbarlı həftəsi” davam edir

Tarix: 29.11.2019

Böyük dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi şərəfinə düzənlənən "Cəfər Cabbarlı həftəsi" davam edir.

AZƏRTAC xəbər verir ki, həftə çərçivəsində bir sıra sənət ocaqları görkəmli dramaturqun əsərlərini yeni quruluşda sənətsevərlərə təqdim edib.

Belə sənət ocaqlarından biri də Sumqayıt Dövlət Dram Teatrıdır. Teatr festival həftəsinə öz töhfəsini “Solğun çiçəklər” tamaşası ilə verib. Sumqayıt teatrı hələ bu mövsümün əvvəlində "Solğun çiçəklər"i təhvil verdiyindən və təbii ki, ölkə mətbuatı tamaşa barədə məlumat və resenziyalar dərc etdiyindən yubilyar şəhərdən gələn tamaşaya maraq çox böyük idi. Sumqayıtlıların “Solğun çiçəklər”inə baxmağa dəyər" niyyətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına üz tutanlar peşman olmadılar...

Gerçəkdən də, daha çox televiziya və kino lentlərindən tanıdığımız rejissor Elşən Zeynallı insan cəmiyyətində mənəviyyatın maddiyyata qurban getdiyini faciəli sonluqla bitirən "Solğun çiçəklər"ə çox maraqlı səhnə həlli tapmışdır.

Saranın halal haqqı olan, lakin atasının vəfatından sonra əlindən alınmış, Pərini “sərfəli nişanlı” məqamına qaldıran, sevgi, yoxsa sərvət dilemması qarşısında aciz qalan Bəhramın düşüncəsini alt-üst edən, sədaqətli nökər Əbdülün gözündə nifrət yuvasına çevrilən malikanə arxa planda qalır, hadisələr ön səhnə – birbaşa tamaşaçının gözü qarşısında baş verir. Tamaşa bununla iki mühüm mətləbi seyrçiyə ötürür: yəni, sən də belə hadisələrin iştirakçısına çevrilə bilərsən, ikincisi, insan var olduqca həyat üçün ən vacib olanı onun şəxsi ləyaqəti, sevgiyə sədaqəti, həyatda öz gücünə ayaq üstə durub yaşamaq cəhdidir.

“Solğun çiçəklər” tamaşasında əsas rollarda Əməkdar artistlər Sədaqət Nuriyeva (Gülnisə), İzaməddin Bağırov (Əbdül), Cəlal Məmmədov (Bəhram), aktyorlar Şəhla Məmmədova (Sara), İlahə Səfərova (Pəri) çıxış edirlər. Tamaşanın quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynli, musiqi tərtibatçısı İradə Muradovadır.

Həftə çərçivəsində növbəti tamaşanı Gəncə teatrı təqdim edib. Gəncə Dövlət Dram Teatrı “Cəfər Cabbarlı həftəsi” çərçivəsində ədibin “Dönüş” pyesinin tamaşası ilə paytaxt sakinlərinin görüşünə gəldi. Dövlət Gənc Tamaşaçılar Teatrında oynanılan səhnə əsəri maraqlı səhnə həlli (quruluşçu rejissor – İradə Gözəlova, quruluşçu rəssam – Mirzə Mehdi) ilə tamaşaçıların alqışını qazanıb.

Əsər tamaşaçı salonu ilə birbaşa ünsiyyəti ehtiva edən, adət etmədiyimiz formada təqdim olundu. Bundan başqa, izləyici ilə interaktiv oyun qurmaq və pyesdən irəli gələn teatr effektini tamaşaçılar orada yoxmuş kimi yaratmaqla həll baxımından maraqlı və cəsarətli xırdalıqlar edilmişdi. Rejissorun “əsrlərin toqquşması” kimi təsnifat verdiyi səhnə işində vahid bir xətt var idi: bütün qaranlıqların işığı səhnədən keçir.

Tamaşada əsas hadisələr xaricdə təhsil alıb Azərbaycana qayıdan Gülsabahın ətrafında cərəyan edir. Teatr kollektivini yeni repertuar, yeni üsul, nizam-intizam uğrunda mübarizəyə çağıran, mövcud nöqsanları kollektivin köməkliyi ilə aradan qaldırmağa çalışan gənc aktrisa hər kəsin əsas hədəfinə çevrilir. Onu narahat edən əsas nöqsan isə teatr kollektivinin yenilikdən qorxaraq, köhnəliyə pərəstiş etməsi olur ki, kulminasiya nöqtəsində də məhz bu məqam dururdu. Gənc nəsillə yaşlı nəsil arasında fikir ayrılığı – “əsrlərin toqquşması” – sonda yenə də sənətin qələbəsi ilə başa çatır.

Yaşanan intriqa, yaranan söz-söhbətləri kənardan izləyən işıqçı Ötgün gördüklərini qələmə alır. Yazdığı pyesi bir neçə nəfərə, o cümlədən gənc və ötkəm xarakterə malik rejissor Bayrama göstərir. Nəticədə əsər səhnələşdirilir və məlum olur ki, tamaşaçının bayaqdan izlədiyi, əslində, Ötgünün pyesi əsasında hazırlanan tamaşa imiş. Məlum olur ki, Gülsabah sözügedən o mühafizəkarlığı aradan qaldırmağı bacarıb və teatr müasirləşməyə doğru gedir, özünün əsl simasında – ayna funksiyasında tamaşaçı qarşısına çıxır.

Əməkdar artistlər Ramiz Vəliyev (Xosməmməd), İlham Hüseynov (Qüdrət-Arslan), aktyorlar Kəmalə Məmmədova (Gülsabah), Samir Abbasov (Əmrulla), Günay Cabbarova (Turac), Murad Rüzigar (Bayram), Ruslan Hüseynov (Zaman) və digərlərinin rol aldığı tamaşa aktyor oyunu baxımından da təbii idi. Axı hər zaman dondan-dona girərək, müxtəlif obrazlara bürünən aktyorlar, bu dəfə özlərini oynayırdılar.

Teatr mühitinin nöqsan və çatışmazlıqlarını gözlər önünə sərildiyi tamaşa maraqla, qəribə bir rəğbətlə qarşılandı.

Rejissor tamaşaçını əsas mətləbdən yayındırmaq üçün iki ağıllı üsula da əl atmışdı; bütün cəsarətli gedişlərdən sonra ya “parodiya”ya eyham vurur, ya da kütləvi populyar, qarmaqarışıq musiqilərlə balansı qorumağa çalışırdı.

Tamaşaçının da adekvat reaksiyaları var idi. Gah ağır mətləblərin hasilinə gülür, gah düşünür, gah da qəzəbli təsdiqləyici işarələr verirdi. Yəqin elə belə də olmalı idi: həyatın aynası olan səhnə kimi gerçək və səmimi...

"Cəfər Cabbarlı həftəsi"nin növbəti təqdimatı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olacaq. Bir müddətdir ki, teatrda C. Cabbarlının “Oqtay Eloğlu” pyesi əsasında qurulacaq eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı isə Şamxal Novruzludur.

Tamaşada Xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, Əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova, Elnur Hüseynov, Elşən Çarhanlı, aktyorlar Kərəm Hadızadə, Manaf Dadaşov, Sevinc Mehrəliyeva, Günel Məmmədova, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Xaliq Bəkirov, Vüqar Məmmədəliyev, Ceyhun Məmmədov, Ramil Məmmədov, Rəşad Səfərov, Vahid Orucoğlu, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Aydın Dəmirov, Mirzəağa Mirzəyev, Könül Əbilova, Aygün Fətullayeva, İlahə Əmirxanova, Hilal Dəmirov, Nəzrin İsmayılzadə və İmran Qurbanov rol alıblar.

Qeyd edək ki, Cəfərə Cabbarlı ən yaxşı əsərlərindən olan “Oqtay Eloğlu”nu 1922-ci ildə qələmə alıb. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş - ziyalı təəssübkeşliyini ön plana çəkib. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. O, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir.

Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur. O, dostu Səməd bəyə qətiyyətlə bildirir: “Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam”.

Müəllif Oqtayı teatr fədaisi kimi təqdim edir. O, xalqının maariflənməsi, cəhalətdən qurtulması, Avropa dəyərlərinə yaxınlaşması yolunun milli teatrdan keçdiyini düşünür. Buna görə də milli teatr yaratmaq Oqtay üçün bir ideala, həyat amalına çevrilir. Mövhumatın, geriliyin hakim kəsildiyi cəmiyyətdə bu heç də asan iş deyil. İnsanlar teatrı qiymətləndirmir, aktyora oyunbaz kimi baxırlar. Müsəlman qadınları çadra altında gəzirlər, səhnəyə çıxmağa cürət etmirlər. Daha acınacaqlı cəhət isə odur ki, Oqtay çalışdığı teatr truppasında da Mazandaranski, Şalıqulu, Şəkinski, Xaspolad kimi əslində teatrdan və milli təəssübkeşlik hissindən uzaq adamlarla əhatə olunur. Onlar milli teatr yaratmaqda Oqtaya kömək etmək əvəzinə, işləri pozub onu gülüş hədəfinə çevirməyə çalışırlar. Lakin bütün bunlar Oqtayı tutduğu yoldan geri döndərə bilmir. O, milli teatr yaratmaq uğrunda hər çətinliyə dözməyə, məhrumiyyətlərə qatlaşmağa hazırdır.

Oqtay müəyyən mənada müəllifin prototipidir. Məlumdur ki, C.Cabbarlı cəmiyyətin tərəqqisində teatrın rolunu yüksək qiymətləndirirdi. Beləliklə, dramaturq teatrla bağlı düşüncələrini sevə-sevə yaratdığı səhnə fədaisi Oqtayın dilindən ifadə edib.

İnanırıq ki, bu gün təqdim ediləcək bu tamaşa da böyük dramaturqun 120 illiyinə növbəti töhfə olacaqdır.

 AZƏRTAC