“Heydər Əliyev - müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı” adlı dəyirmi masa təşkil edilib

Tarix: 16.06.2021


Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Heydər Əliyev - müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı” adlı dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir qrup əməkdaşı iştirak edib.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara riayət edilərək əvvəlcə qonaqlar mərkəzin “Muzey” bölmələri ilə tanış olublar. Burada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında qonaqlara ətraflı məlumat verilib.

Mərkəzin kiçik elmi işçisi Lena Əzizova çıxış edərək Ümummilli Liderin 1993-ci ildə hakimiyyətə qayıdışından və bu tarixi günün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunmasından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb.

Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova bu gün müstəqil Azərbaycanın ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf etməsindən və ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm nailiyyətlərdən bəhs edib.

Sonda 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş edilib.