“Mintimerin kölgesi” kitabı türk dilində

Tarix: 02.12.2019

Tatarıstanın ilk prezidenti, görkəmli dövlət xadimi Mintimer Şaymiyevin mərhum həyat yoldaşı Səkinə Şaymiyevanın “В тени Минтимера” kitabı türk dilinə tərcümə edillərək Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəfis şəkildə nəşr olunub.

Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı  bildirib ki, “Mintimerin kölgesi” kitabı qardaş tatar xalqının lideri, türk dünyasının görkəmli şəxsiyyətlərindən olan Mintimer Şaymıyevin həyat və fəaliyyətindən bəhs edir. Ömrünün ən mənalı, coşqulu və narahat günlərini həyat yoldaşı Mintimer Şaymıyevin həyat və fəaliyyətinə həsr etmiş Səkinə xanımın qələmə aldığı bu kitab xalqına, dövlətinə və ailəsinə dərin sevginin təzahürüdür. “Mintimerin kölgesi” kitabının nəşri ilə Mintimer Şaymiyevin ictimai-siyasi, milli dövlətçilik təcrübəsinin özəllikləri və şəxsi həyatının maraqlı məqamları türk dünyasına təqdim olunur.

“Mintimerin kölgesi” kitabının məsləhətçisi və “Ön söz”ün müəllifi akademik Nizami Cəfərov, nəşrə hazırlayan və tərtibçilər şair-publisist Dəyanət Osmanlı və hüquqşünas Səməd Vəkilov, rus dilindən tərcümə edən Ülkər Solmaz, redaktoru Afət Mamayevadır.

Qeyd edək ki, layihənin təşəbbüsakarlarından biri də Tatarıstan-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində böyük xidmətləri olan İsmət Orucəliyevdir.

 

 AZƏRTAC