“YAP və “Yedinaya Rossiya” gəncləri bir araya gəldi”

Tarix: 08.09.2020


 8 sentyabr 2020 il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi təşəbbüsü ilə Rusiyanın “Yedinaya Rossiya” partiyasının “Molodaya Qvardiya” gənclər qolunun fəalları ilə videokonfrans formatında beynəlxalq iclas keçirildi. İclasda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin, “Yedinaya Rossiya” partiyasının “Molodaya Qvardiya” gənclər qolunun Sverdlovsk, Çelyabinsk, Tümen, Kurqan vilayətləri və Xantı-Mansiysk, Yamalo-Nenets Muxtar Dairələri regional təşkilatlarının fəalları iştirak edirdi. Tədbirin əsas məqsədi COVİD-19 pandemiyası dövründə hər iki siyasi partiyanın gənclərinin yerli səviyyədə gördüyü işlər barədə təcrübə mübadiləsi aparmaqdır.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Cəmilə İsmayılova iştirakçıları salamlayaraq, keçirilən iclasın məqsədi barədə məlumat verdi, iştirakçılar arasında qısa tanışlıq həyata keçirildi. Cəmilə İsmayılova iştirakçılara YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi tərəfindən COVİD-19 pandemiyası dövründə görülən işlər barədə təqdimat etdi.
Daha sonra “Yedinaya Rossiya” partiyası “Molodaya Qvardiya” gənclər qolunun federal koordinatoru, Sverdlovsk regional təşkilatı gənclər qolunun sədri Artyom Nikolayev, Kurqan vilayəti gənclər qolunun regional qərargahının üzvü Vyaçeslav Fetisov, Yamalo-Nenets Muxtar Dairəsi regional təşkilatı gənclər qolunun sədri Svetlana Kasyanova, Xantı-Mansiysk regional təşkilatı gənclər qolunun sədr müavini Anton Timoşenko və Tümen regional təşkilatı gənclər qolunun sədri Vladimir Sbitnev tədbirin təşkilatçığına görə təşəkkürlərini bildirdilər və COVİD-19 pandemiyası dövründə təmsil etdikləri regional təşkilatların gördüyü işlər barədə məlumat verdilər.
YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək keçirilən tədbirin önəmindən danışdı və öz növbəsində tədbirdə fəal iştiraklarına görə rusiyalı gənclərə təşəkkürünü bildirdi. Fəsli Nəbiyev vurğuladı ki, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir, keçirilən görüşlər yerli və xarici gənclər arasında təcrübə mübadiləsinin aparılmasında xüsusi rol oynayır. Bu görüş qeyd edilən istiqamətdə keçirilən tədbirlər arasında artıq dördüncüsüdür.
YAP Binəqədi Rayon Təşkilatı Aparatının rəhbəri Sevinc Abdullayeva çıxış edərək, qeyd etdi ki, COVİD-19 pandemiyası bu gün bütün dünya ölkələrindən təsirsiz ötüşməmişdir və hər bir ölkə çalışır ki, koronovirusun insanlara olan zərərini minimuma endirsin. Azərbaycan pandemiya yayılmağa başladığı ilk dövrdən onunla mübarizədə vətəndaşların sağlamlığının qorunması üçün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox önəmli addımlar atılmış, qısa zaman ərzində bütün lazımi tibbi avadanlıqlar, dərmanlar təmin edilmiş və 11 modul tipli xəstəxana qurularaq ölkə səhiyyəsinin xidmətinə verilmişdir.
 Sonda YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Tofiq Mövsümov COVİD-19 pandemiyası zaman iştirak etdiyi layihələrlə bağlı məlumatlar verdi və öz təcrübələrini bölüşdü.