13-09-2017 13:44:45

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1,9 kilometrlik hissəsi yenidən qurulub


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən 1,9 kilometrlik hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi işləri yekunlaşdırılıb.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 metrdən 22.5 metrə qədər genişləndirilib.

Tikinti işləri çərçivəsində yol boyu 80 min kubmetr qazma-dolğu işləri görülüb, əsasın tikintisində 36 min kubmetr optimal qırmadaş və qum-çınqıl materialından istifadə olunub. Daha sonra yola 3 qat olmaqla 40 min ton yeni asfalt-beton örtük döşənib. Bundan başqa, layihəyə uyğun olaraq 54 ədəd kommunikasiya xətləri köçürülüb, 3 kilometr uzunluğunda suötürücü beton kanal inşa edilib və yol kənarına 8500 poqonmetr səki daşı düzülüb.

Məlumata əsasən, qəsəbədən avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədilə hər iki istiqamət üzrə 4.5 metr enində kollektor yollarının inşası, Müşfiqabad qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri də yerinə yetirilib.

Həmçinin vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə 2 yerdə - yolun 23.5-ci və 24.4-cü kilometrlik hissəsində metal konstruksiyalı yeni yerüstü piyada keçidləri inşa edilib.

Metal konstruksiyalı və orta dayaqlı keçidlər dəmir-beton özül dayaqlar üzərində qurulub. Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir. Pilləkən hissələr də daxil olmaqla keçidlərin ümumi uzunluğu 72.8 metr, qalereyasının eni isə 3.7 metrdir. Keçidlərin yol səthindən hündürlüyü 5.5 metr təşkil edir.

Layihə çərçivəsində piyada keçidlərinin inşasına paralel olaraq sözügedən hissə boyu abadlıq işləri də aparılıb, 5 avtobus dayanacağı, həmçinin zəruri olan yerlərdə 130 yol nişanı və məlumatverici lövhə quraşdırılıb. Yolun sutkanın qaranlıq saatlarında işıqlandırılması üçün 9 və 12 metr hündürlükdə 83 işıq dirəyi quraşdırılıb.

Qeyd olunub ki, “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci kilometrlik layihə hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi uğurla icra olunaraq yekunlaşdırılır.

Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur. Artıq yolun 23.3-25.1 və 54.6-77.5-ci kilometrlik hissəsində yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun 77.5-101-ci kilometrlik hissəsində son tamamlanma işləri aparılır, 25.1-54.6-cı kilometrlik hissədə isə işlər davam etdirilir və yaxın aylar ərzində bu hissədə də işlər yekunlaşdırılacaq.

Ümumilikdə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23.3-101-ci kilometrlik hissəsində layihə çərçivəsində Ceyrankeçməz çayı üzərində 2 yeni avtomobil körpüsü, 123 dairəvi boru, 14 düzbucaqlı su keçidi, 20 yeraltı keçid və 26 drenaj boru inşa edilib, 11 geri dönməni təmin etmək üçün xüsusi hissə və 8 yerüstü piyada keçidi isə tikilir.

Yaxın müddət ərzində isə yolun 101-117-ci kilometrlik (16 km) hissəsinin də yenidən qurulmasına başlanılacaq.

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

 

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

 

Xəbər 22 dəfə oxunub
All rights reserved.