11-10-2017 13:26:03

“Azəriqaz” bu il 44 yaşayış məntəqəsini qazlaşdırıb


“Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 44 yaşayış məntəqəsinə təbii qaz verilib.

Birlikdən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 958,3 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 171 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz, Cəlilabad və Masallı rayonları üzrə 44 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

Xəbər 10 dəfə oxunub
All rights reserved.