12-01-2018 06:22:14

Orxan Abbasov: Cari ildə həndbolçularımızı ciddi sınaqlar gözləyir



Azərbaycanda digər sahələrdə olduğu kimi, idman da sürətlə inkişaf edir. Ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada qələbələr qazanaraq xalqımızı sevindirirlər. Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan idmançıları möhtəşəm qələbələr qazanaraq üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndiriblər.

Azərbaycan Həndbol Federasiyasının birinci vitse-prezidenti Orxan Abbasov ötən ilin idman yekunları və qarşıdakı perspektivlərlə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.

- Orxan müəllim, ötən ili Azərbaycan həndbolu üçün necə qiymətləndirirsiniz?

- İdmanın digər növlərindən fərqli olaraq, həndbol bir neçə il ərzində ölkəmizdə durğunluq dövrünü yaşayıb. 2016-cı ilin sonunda Azərbaycan Həndbol Federasiyasında dəyişikliklər oldu. Saleh Məmmədov federasiyaya prezident seçildi. Bundan sonra həndbolun inkişafı üçün qarşıya mühüm vəzifələr qoyuldu, dəqiq planlar hazırlandı. 

İdmanın bu növünü ölkəmizdə inkişaf etdirmək üçün əvvəlcə yeniyetmələrin həndbola cəlb olunmasından başladıq. Respublikamızın regionlarında seleksiya xarakterli seçimlər etdik və məşqlərə start verdik. Həmçinin klublar yaradıldı. Hazırda ölkəmizdə 10 həndbol klubu fəaliyyət göstərir. Bunlardan dördü kişi, altısı isə qadın həndbol klubudur. Gəncə, İsmayıllı, Mingəçevir, Qazax və Göygöldə yeniyetmələrdən ibarət komandalar yaradılıb.

Ötən il ölkəmiz növbəti dəfə irimiqyaslı yarışa yüksək səviyyədə ev sahibliyi etdi. Qadın həndbolçulardan ibarət millimiz “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Millimiz final oyununda Türkiyə yığmasını məğlub edərək ölkəmizə qızıl medal qazandırdı. Ölkə idmanında qazanılan bütün uğurlar Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da bu sahədə xidmətləri misilsizdir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmanın kütləviləşməsi istiqamətində ölkəmizdə mühüm addımlar atılır.

Hazırda on klubun iştirakı ilə həndbol üzrə ölkə çempionatı davam edir. Digər çempionatlarla müqayisədə bu yarışın müddəti daha uzundur. Çempionata mayın əvvəllərində yekun vurulacaq. Yarış 20 turdan ibarətdir. Hazırda “Azəryol” komandası turnir cədvəlinin lideridir.

- Cari ildə həndbolçularımızı hansı sınaqlar gözləyir?

- Ölkə çempionatına cari ildə yekun vurulacaq. Qadın həndbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq. Qadınlarla yanaşı, kişilərdən ibarət milli komandalarımız da təlim-məşq toplanışlarına qatılacaqlar.

2019-cu ildə Azərbaycan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalına ev sahibliyi edəcək. Bu mötəbər turnirin idman proqramına həndbol da daxildir. Hazırda yeniyetmələrdən ibarət millimiz yarışa ciddi hazırlaşır. Çünki bu yarışda həndbolçularımızı gərgin idman mübarizəsi və güclü rəqiblər gözləyir.

2016-2017-ci il mövsümündə ölkə çempionatının gümüş medalını qazanan “Azəryol” komandası “Çağırış” kubokunda iştirak hüququ qazanıb. Bakı təmsilçisi ilk görüşündə Lüksemburqun “Düdelanj” komandasını mübarizədən kənarlaşdırıb. Rəqibimiz güclü komanda idi və həndbolçularımız “Düdelanj” səddini aşmağı bacarıblar. Səkkizdəbir final mərhələsində isə rəqibimiz İsveçin “Kristianstad” klubu olacaq. Komandalar arasında dörddəbir final mərhələsi uğrunda görüşlərin fevralın 2-də və 3-də Bakıda keçirilməsi nəzərdə tutulub. Qarşılaşmaların ölkəmizdə təşkil olunması həndbolun inkişafına mühüm təkan verəcək. Həmçinin azarkeşlərin dəstəyi də önəmli rol oynayır. Qeyd etmək istərdim ki, çempionatın oyunlarında da tribunalar azarkeşlərlə dolu olur.

- Azərbaycanda idmanın bu növünün inkişafı istiqamətində hansı addımlar atılır?

- Azərbaycan Həndbol Federasiyası idmanın bu növünün inkişafını həmişə diqqət mərkəzində saxlayır. Əvvəllər həndbol dərsi ölkə məktəblərindən yığışdırılmışdı. Bu da ölkədə həndbolun durğunluq dövrü yaşaması ilə bağlı idi. Biz idmanın bu növünün kütləviləşməsinə nail olmaq üçün regionlardan başladıq və komandalar yaratdıq. Artıq istəyirik ki, məktəblərdə də uşaqlar həndbol ilə məşğul olsunlar. Bu istiqamətdə işlər davam edir.

Azərbaycan cari ildə həndbol üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq turnirin mayda təşkil edilməsi nəzərdə tutulub. Ənənəvi xarakter alacaq yarışda iştirak üçün bir neçə ölkəyə dəvət göndəriləcək və turnir Avropa Həndbol Federasiyasının təqviminə əlavə olunacaq.

- Orxan müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik.

- Çox sağ olun.

 

AzərTac İnformasiya Agentliyi (www.azertag.az)

Xəbər 29 dəfə oxunub
All rights reserved.