13-03-2018 06:49:45

Hikmət Hacıyev: Hazırda Azərbaycan Ordusunun keçirdiyi təlim ATƏT-in Vyana sənədinin müddəalarına uyğundur



Ermənistanın Helsinki Yekun Sənədi və etimad quruculuğu tədbirlərinə dair Vyana sənədi əsasında öhdəliklər daşıması deyəsən Ermənistan Xarici İşlər Nazirliyinin indi yadına düşüb. BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Ermənistan Azərbaycana qarşı gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu davam etdirməsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb.

Hikmət Hacıyev deyib ki, Vyana sənədi çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi canlı qüvvə, hərbi texnikanın sayı və dislokasiya yerləri, həmçinin işğal olunmuş ərazilərdə Ermənistan prezidentinin iştirakı ilə keçirdiyi hərbi təlimlər barədə heç bir məlumat vermir. Bu qüvvələr Vyana sənədi üzrə müvafiq inspeksiyalardan gizlədilir.

2014-cü ilin noyabrında dövlət başçılarının Paris görüşündən sonra Ermənistanın 40 mindən artıq şəxsi heyətin, minlərlə hərbi texnikanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçirməsi, Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterlərinin Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində hücum manevrləri etməsi Ermənistanın riyakarlığının və öz öhdəliklərini kobud şəkildə pozmasının növbəti açıq nümunəsidir.

Hazırda Azərbaycan silahlı qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərində həyata keçirilən təlim ATƏT-in 2011-ci ildə qəbul edilmiş Vyana sənədinin V fəslinin müddəalarına uyğundur.

 http://www.yap.org.az

Xəbər 97 dəfə oxunub
All rights reserved.