13-03-2018 06:55:19

Bakıda 1-ci Donor Əlaqələndirmə Görüşü keçiriləcək



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə martın 16-da 1-ci Donor Əlaqələndirmə Görüşü keçiriləcək.

Qida Təhlükəsizliyi Agentliyinin kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib ki, görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və agentliyin vəzifəli şəxsləri iştirak edəcək.

Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə agentlik və təşkilatlar arasında fikir mübadiləsi aparmaqdır. Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti, eyni zamanda qısa və orta müddətli hədəfləri üzrə təqdimatlar keçiriləcək.

Tədbirin sonunda sual-cavab sessiyası təşkil olunacaq, beynəlxalq donor təşkilatlar tərəfindən həyata keçiriləcək layihələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunacaq.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 119 dəfə oxunub
All rights reserved.