13-03-2018 06:59:58

Bakıda Azərbaycan-Hindistan biznes-forumu keçiriləcək



Martın 13-də Bakıda Azərbaycan-Hindistan biznes-forumu keçiriləcək.

Martın 13-16-da Bakı şəhərində Amay Mərkəzində Hindistanın PHD Ticarət və Sənaye Palatasının (PHDCCI) eksklüziv Hindistan məhsullarının nümayişi və sərgisi təşkil ediləcək. Bu tədbirlər Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK), Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycan və Hindistan arasında ikitərəfli biznes əməkdaşlığı çərçivəsində keçirilir.

Azərbaycan və Hindistan arasında iqtisadi və ticarət əlaqələrinin, biznes əməkdaşlığının genişləndirilməsi və daha da möhkəmləndirilməsi məqsədilə Hindistan-Azərbaycan biznes-forumu çərçivəsində PHD Ticarət Palatası ilə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında Anlaşma Memorandumu imzalanacaq.

“Hindistanın Ən Yaxşıları – Eksklüziv Hindistan Məhsulları” sərgisində Hindistanın 95 şirkəti elektrik və elektronik məhsullar, velosiped, düyü, çay, ədviyyat, qablaşdırma, əczaçılıq, hədiyyə və əl işləri, dəftərxana ləvazimatları, ev mebelləri, tekstil və geyim, zərgərlik məhsulları, kosmetika daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətləri nümayiş etdirəcək.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 120 dəfə oxunub
All rights reserved.