13-03-2018 07:21:35

ATƏT Parlament Assambleyasının sədri Xarici İşlər Nazirliyində olub



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib, konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Georgi Tsereteli martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçirilməsinin əməkdaşlığın möhkəmlənməsinə əsaslı töhfə verəcəyinə əminliyini bildirib. O, Azərbaycan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasının işində fəal iştirakını və əməkdaşlığı inkişaf etdirmək üçün təşəbbüslərlə çıxış etməsini təqdir edib.

Söhbət zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov vurğulayıb ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunulub. Elmar Məmmədyarov seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəkildə keçiriləcəyini və Azərbaycan xalqının iradəsini əks etdirəcəyini vurğulayıb. O, seçkilərin keçirilməsi üçün hazırlıq işlərinin peşəkar şəkildə Mərkəzi Seçki Komissiyası tərəfindən aparıldığını diqqətə çatdırıb.

Georgi Tsereteli ATƏT-in Parlament Assambleyasının qərəzsiz və neytral mövqedən çıxış edərək seçkiləri müşahidə edəcəyini qeyd edib.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 53 dəfə oxunub
All rights reserved.