13-04-2018 10:41:46

Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının təntənəli açılışı olub



Aprelin 12-də Milli Gimnastika Arenasında Bakıda ilk dəfə təşkil keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının təntənəli açılış mərasimi olub.

Əvvəlcə iştirakçı ölkələrin paradı keçirilib.

Azərbaycan millisi komandasının üzvü, ötən il tamblinq üzrə dünya yaş qrupları yarışlarının qalibi Mixail Malkin idmançılar adından çıxış edərək ədalətli mübarizə aparacaqlarını, rəqibə hörmətlə yanaşacaqlarını və “təmiz idman” prinsiplərinə sadiqlik nümayiş etdirəcəklərini bildirib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın növbəti dəfə mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu diqqətə çatdıraraq, idmançılara uğurlar arzulayıb. Nazir qeyd edib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz irimiqyaslı beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Bütün bunlar beynəlxalq idman qurumlarının diqqətindən yayınmır və onlar nüfuzlu yarışların təşkilini heç bir tərəddüd etmədən ölkəmizə həvalə edirlər.

Azərbaycanda idmanın digər növləri kimi, gimnastikanın da sürətlə inkişaf etdiyini vurğulayan A.Rəhimov deyib: “2002-ci ildə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu təşkilat yenidən quruldu, gimnastikanın inkişafında dönüş yarandı. Ötən il 15 illiyini qeyd edən Azərbaycan Gimnastika Federasiyası batut və tamblinq idman növünün inkişafına xüsusi diqqət yetirir və bu sahədə uğurlar əldə olunur. Federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində idmanın bu növündə kütləvilik müşahidə edilir”.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmana göstərdikləri yüksək diqqət və qayğıdan danışan nazir Avropa çempionatının təşkilinin ölkəmizdə gimnastikanın inkişafına təkan verəcəyini söyləyib.

A.Rəhimov çıxışının sonunda İlham Əliyevin prezident seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbriklərini ifadə edib.

Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov qitə çempionatının Bakıda təşkil olunmasından məmnunluğunu vurğulayaraq deyib: “Ötən il Avropa Gimnastika İttifaqının prezidenti seçildim. Sevindirici haldır ki, həmin vaxtdan sonra ilk Avropa çempionatı məhz doğma Azərbaycanda keçirilir. Qitə birinciliyinin Təşkilat Komitəsi yarışa yüksək peşəkarlıq və böyük səylə hazırlaşıb”.

Çempionatın əhəmiyyətini yüksək qiymətləndirən F.Qayıbov bildirib ki, yeniyetmələrin yarışında 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastların mübarizəsində isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya qazanılacaq.

İştirakçılara uğurlar arzulayan Avropa Gimnastika İttifaqının prezidenti çempionatı açıq elan edib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasiminin bədii hissəsində tamaşaçılar meydançada hər zaman görməyə alışdıqları gimnastika alətləri ilə yanaşı, basketbol səbətinə də rast gəliblər. Öz tarixi izlərini ABŞ-dan götürən basketbol illər öncə məhz elə gimnastika dərslərinin canlandırılması üçün icad olunub. Təsadüfi deyil ki, batut gimnastikasının yaranmasının və inkişafının da təməli ABŞ-da qoyulub. İki fərqli idman növünün tarixdə birləşən kökləri bu çempionatın açılış mərasimi üçün başlıca ideya olub. Məhz açılış mərasiminin bədii hissəsi “Bakıda Amerikasayağı “uçuş” adlandırılıb.

Çempionatın açılış mərasimini digərlərindən fərqləndirən əsas məqamlar bununla bitməyib. Belə ki, bu dəfə kompozisiyada təkcə gimnastika növləri üzrə yığma komandaların üzvləri deyil, həm də batut gimnastikası üzrə Texniki Komitənin nümayəndələri də iştirak edib, əyləncəli şouya öz töhfələrini veriblər.

Yarışın ən maraqlı personaji isə əlbəttə ki, maskot – “Qur-Qur” olub. Hər zaman fərqliliyə üstünlük verən təşkilatçıları maskot olaraq seçilmiş qurbağanı canlandırmaq üçün peşəkarlara müraciət ediblər. Uzun illər talisman kimi fəaliyyət göstərən və çempionata batut gimnastikasının vətəni ABŞ-dan təşrif buyuran Skot Hesinqton və Berri Anderson dördgünlük yarışlar ərzində arenanın sakinlərinə unudulmaz şou vəd ediblər.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 7 dəfə oxunub
All rights reserved.