06-11-2018 06:29:06

Misirin “Sada əl-Bələd” nəşrində VI Bakı Beynəlxalq Humanitar Forumu barədə məqalə dərc olunub



Misirin nüfuzlu “Sada əl-Bələd” nəşrində Bakıda keçirilmiş VI Beynəlxalq Humanitar Forum barədə geniş məqalə dərc olunub.

Məqalənin müəllifi Əbu Bəkr Əbulməcid ərəbdilli oxuculara Humanitar Forum haqqında ətraflı məlumat verir. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri diqqətə çatdırılır.

Yazıda Forumun dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı iştirakçıları barədə də məlumat verilir. Bildirilir ki, bu Humanitar Forum qonaqlarının sayı, sessiyaları və müzakirələri ilə dünyanın ən böyük forumları, platformaları sırasındadır.

Müəllif yazır ki, bu ənənəvi tədbir Asiya və Avropa mədəniyyətlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycanın mövqeyini, dinlər və konfessiyalar arasında sülh şəraitində birgəyaşayışın təmin edilməsindəki mütərəqqi təcrübəsini, mədəniyyətlər və sivilizasiyalar arasında əməkdaşlıq kimi mühüm ənənələrə malik olmasını nümayiş etdirir. Vurğulanır ki, məhz bu səbəbdən Azərbaycan bu cür forumların və konfransların keçirilməsi üçün ideal məkan sayılır.

Diqqətə çatdırılır ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Bu Forumun beynəlxalq müstəvidə nüfuz qazanması Azərbaycan Prezidentinin ona güclü dəstəyi sayəsində mümkün olub.

Məqalədə Prezident İlham Əliyevin çıxışından sitat gətirilir: “Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilib. Əminəm ki, Forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önəmli olacaq, xaricdən gələn qonaqlar Forumun işinə çox böyük töhfə verəcək”. Yazıda Azərbaycanda humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi diqqətə çatdırılır. Əbu Bəkr Əbulməcid Bakıda Forumun nüfuzlu iştirakçıları arasında olmasından şərəf duyduğunu vurğulayır.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)



Xəbər 25 dəfə oxunub
All rights reserved.