06-12-2018 07:05:59

Ankara “Buta Airways” aviaşirkətinin Türkiyəyə dördüncü istiqaməti olacaq



Gələn il martın 31-dən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Türkiyənin paytaxtı Ankaraya birbaşa aviareyslərə başlayacaq.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib ki, Ankara loukosterin Türkiyəyə dördüncü istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan İstanbula, Alanyaya və İzmirə müntəzəm reyslər yerinə yetirir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ankara (Esenboğa aeroportu, IATA: ESB) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Loukost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Ankara İstanbuldan sonra Türkiyənin ikinci ən böyük şəhəridir. Şəhər Anadolu yaylasında Ankara və Çubuk çaylarının qovuşmasında yerləşir. Şəhər ölkənin mühüm siyasi və iqtisadi mərkəzidir. Paytaxt statusuna baxmayaraq, Ankara turistlər üçün də maraqlıdır. Burada hələ Roma dövründən qalan çoxlu sayda qədim və diqqətəlayiq yerlər mövcuddur: Roma hamamları, Yulian sütunu və Roma məbədi. Osmanlı dövründə isə Ankarada çoxlu sayda qədim binalar inşa olunmuşdur və həmin binalar indiyə kimi qorunub saxlanılıb.

“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 12 dəfə oxunub
All rights reserved.