06-12-2018 07:30:22

Fazil Məmmədov: Dövlətimizin uğurlu idman siyasəti daha böyük nailiyyətlər üçün əsaslı zəmin yaradır



Dünyada sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanın həm də idman ölkəsi kimi tanınması bu sahədə qazanılan böyük uğurların əsas göstəricilərindən biridir. Təsadüfi deyil ki, ölkəmizdə ənənəvi idman növləri ilə yanaşı, yeni idman növlərinin inkişafında da böyük tərəqqi müşahidə olunur. Son illər sürətlə inkişaf edən idman növlərindən biri də stolüstü tennisdir.

Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmanın bu növünün kütləviliyinin təmin edilməsi, populyarlaşdırılması istiqamətində görülən işlər, əldə edilən nəticələr, perspektivlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Fazil müəllim, ölkəmiz üçün o qədər də ənənəvi olmayan stolüstü tennis son illərdə daha geniş yayılmağa başlayıb. İdmanın bu növünün inkişafı istiqamətində hansı işlər görülüb?

- Son illər stolüstü tennisin Azərbaycanda inkişafı və populyarlaşması dövlətin bu sahəyə yüksək diqqət və qayğısı ilə əlaqədardır. Ənənəvi idman növləri ilə yanaşı, digərlərinin də kütləviliyinin artması bu amillə bağlıdır. Ölkəmizdə stolüstü tennisin inkişafı ilə bağlı nailiyyətləri bu baxımdan xüsusi qeyd etməliyəm.

Azərbaycan Stolüstü Tennis Federasiyasına 2014-cü ildən Şahin Mustafayev rəhbərlik edir. Bu idman növünün vacib istiqamətləri müəyyən edilərkən əsas diqqət, ilk növbədə, maddi-texniki bazanın gücləndirilməsinə yönəldilib. “Şüa” İdman-Sağlamlıq Mərkəzində zalın icarəyə götürülərək, komplektləşdirilib idmançıların istifadəsinə verilməsi yığmanın günün tələbləri səviyyəsində məşqinə imkan yaradıb. Sumqayıtda, Dənizkənarı Parkda Azərbaycanda ən böyük stolüstü tennis zalı istifadəyə verilib. Digər mühüm cəhət kütləviliyin təmin edilməsi sahəsində görülən tədbirlərdir.

- Kütləviliyin təmin edilməsi istiqamətində hansı işlər görülür? Stolüstü tennisi inkişaf etdirməkdə əsas məqsəd nədən ibarətdir?

- Stolüstü tennisin populyarlaşdırılması sahəsində ən mühüm tədbirlər bu idman növündə qazanılmış nəticələrlə onun təbliğinə nail olmaqdır. Şübhəsiz, uğurlar artdıqca, bu idman növünə maraq da yüksəlir. İnsan sağlamlığı üçün çox faydalı olan bu idman növü zədəsiz olduğu üçün 6 yaşdan 90 yaşadək insanlar onunla məşğul ola bilərlər.

Dənizkənarı Bulvarda, “28 Mall”, “Gənclik Mall” ticarət və əyləncə mərkəzlərində tennis festivallarının təşkili əhalidə bu idman növünə maraq oyatmaq məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində təşkil edilən şou və viktorinaların fəal izləyicilərinə tennis topları, raketkaları hədiyyə edilir, tennislə məşğul olmaq üçün ünvanlar barədə bukletlər paylanır. Əsas məqsədimiz uşaq və yeniyetmələr arasında bu idman növünü sevdirməkdir. Əhalinin daha sıx toplaşdığı ərazilərdə, eyni zamanda, müəssisə və təşkilatlarda bu oyunu oynamaq üçün yaradılan imkanlar da həmin məqsədə xidmət edir. Müxtəlif peşə sahibləri, müəllimlər, jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri arasında spartakiadalar, veteranların iştirakı ilə turnirlər keçirilir. Yarış və festivallarda bu idman növünə maraq göstərən uşaq və yeniyetmələr aşkar edilir və onların potensialını üzə çıxarmaq üçün məşqçilər çalışırlar.

- Bu idman növü üzrə mütəxəssislərin hazırlığı ilə bağlı iş hansı səviyyədədir?

- Stolüstü tennisdə kütləviliyin təmin edilməsində əsas məqsədlərdən biri də bu idman növündə yüksək nəticələr əldə edən idmançılar yetişdirməkdir. Buna nail olmaq üçün, ilk növbədə, onu uşaqlar arasında inkişaf etdirmək lazımdır. Hazırda respublikanın 11 rayon və şəhərində 6-9 yaşlı uşaqlarla işləmək üçün 30-a yaxın məşqçi-müəllimlə müqavilə bağlanılıb. Bu mütəxəssislər müxtəlif klub, cəmiyyət və idman məktəblərini təmsil edirlər. Məşqçi-müəllimlərin, hakimlərin ixtisaslarının artırılması və beynəlxalq təcrübənin öyrənilməsi üçün sertifikatlaşdırılmış seminarların təşkili diqqət mərkəzindədir. Keçən il Avropa Stolüstü Tennis Federasiyası ilə “Səviyyə-1” kursu təşkil etdik və artıq 30-a yaxın məşqçi-müəllimimizin adı beynəlxalq məşqçilər siyahısına daxil edilib. Beynəlxalq dərəcəli altı hakim var ki, yarışlarda ədaləti qoruyurlar. Bu ilin avqust və noyabr aylarında respublika üzrə stolüstü tennis məşqçisi kimi fəaliyyət göstərmək istəyən bədən tərbiyəsi müəllimləri və bədən tərbiyəsi təhsili olan mütəxəssislər üçün seminar keçirilib və “Səviyyə-1” sertifikatları təqdim olunub. Dördüncü ildir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almaq üçün tələbə göndəririk.

- Ölkədaxili turnirlərin keçirilməsində yeniliklərin tətbiqi nəzərdə tutulurmu?

- Bu il təqvim üzrə 100-dən çox respublikadaxili yarış keçirilib. Turnirlər hələ davam edir. Dekabrın 8-də nazirliklərin, komitələrin, agentliklərin əməkdaşları arasında yarışların təşkili planlaşdırılıb. Artıq kiçikyaşlı uşaqlar arasında pilot layihə kimi liqa yarışları təşkil edilib. Bu, əvvəl Bakı və Sumqayıt şəhərlərini əhatə etmişdi. Dekabrın 1-dən 2006-cı il və daha kiçikyaşlı uşaqlar arasında regionlar da daxil olmaqla üç diviziondan ibarət liqa çempionatı start götürüb. Liqada çoxsaylı oyunlar keçirildiyindən və ölkə üzrə bütün rayonları əhatə etdiyindən stolüstü tennisçilər vahid bir ailənin üzvünə çevrilirlər. Beləliklə, sağlam ruha malik gənc nəsil yarışlarda bərkiyərək birlik və dostluq şəraitində aparılan əsl mübarizənin nə olduğunu bir daha başa düşürlər.

- Federasiya tərəfindən klub sisteminin yaradılması və inkişafı istiqamətində bir sıra tədbirlər görülür. Bununla bağlı hansı perspektivlər var?

- Doğru buyurdunuz. Klubların formalaşdırılmasına və idmançıların cəlb edilməsinə artıq başlanılıb. Klub sistemini təbliğ etmək üçün federasiyanın dəstəyi ilə “Qarabağ NN” Stolüstü Tennis İdman Klubu təsis olunub.

Daha böyük uğurların açarı, əlbəttə, rəqabətdədir. Stolüstü tennisi inkişaf etdirməyə başlayanda bu idman növündə ən böyük təcrübənin Çində olduğunu nəzərə alıb onların məktəbləri, akademiyaları ilə danışıqlar apardıq. Nəticədə komandaya 14 yaşlı bir neçə oğlan və qız dəvət edərək onların yığma üzvlərimizlə birgə məşqlərini təşkil etdik. Bizim idmançılar onlarla yanaşı, artıq bir sıra uğurlara imza atıblar. Hazırda Avropa çempionatında uğurla çıxış etmiş Nəzakət Qarayeva, IV İslam Həmrəyliyi Oyunlarında nailiyyətlər qazanmış Məryəm İmanova kimi idmançılarımız yetişib. Artıq görülən işlər bəhrəsini verir. Uşaq və yeniyetmələr arasında beynəlxalq turnirlərdə nailiyyətlərin sayı getdikcə artır.

Ona görə klubların yaradılması vacib şərtdir və perspektivdə bununla bağlı bir sıra planlar nəzərdə tutulub. Gələcəkdə milli klubların Avropa klublarının kubok yarışlarında iştirakı planlaşdırılır.

- Başa çatmaqda olan ili stolüstü tennisçilərimiz üçün uğurlu saymaq olarmı?

- Bu ilin fevralında ilk yarışlardan olan Çexiyanın Xadonin şəhərində beynəlxalq turnirdə şəxsi oyunlarda idmançımız Yu Xanq bürünc medal qazanıb. Həmin ay Latviyanın paytaxtı Riqada beynəlxalq turnirdə doqquz yaşlı idmançımız bürünc medal qazanıb. Apreldə Bakıda keçirilən Türk Şurası Universitet İdman Oyunlarında təmsilçilərimiz 2 qızıl, 2 gümüş medal qazanıblar. Bu ilin ən böyük uğuru isə Rumıniyanın Kluj-Napuka şəhərində 44 ölkənin iştirakı ilə keçirilən gənclərin Avropa çempionatında qızlardan ibarət yığmamızın komanda hesabında qızıl medal qazanması olub. Eyni zamanda, Ninq Cinq şəxsi yarışda birinci yeri tutub. Bu, Azərbaycanın stolüstü tennis tarixində ən böyük qələbəsidir. Stolüstü tennisçilərimiz ilk dəfə nüfuzlu yarışda Azərbaycanın himnini səsləndirib, bayrağını qaldırıblar. Əlbəttə, bu, qürurverici haldır. Dövlətimizin uğurlu idman siyasəti daha böyük nailiyyətlər üçün əsaslı zəmin yaradır. Gördüyümüz işlər diqqətdən kənarda qalmayıb. Baş məşqçi Mixail Timofeyevin Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsi işimizə verilən böyük qiymətdir. Bu il tennisçilərimiz Ninq Cing və Yu Xinhanq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak ediblər. Qazanılan medalları, əldə edilən nəticələri nəzərə alsaq, bu ili yaxşı nəticələrlə başa vurduğumuzu deyə bilərik.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 8 dəfə oxunub
All rights reserved.