25-01-2019 08:16:51

Milli Məclisin deputatı Avropanı terrora dəstək verən siyasətçiləri müdafiə etməməyə çağırıb



Müxalif siyasətçi olmaq terrorizmlə bağlı cinayətlərdə de-fakto toxunulmazlıq hüququ verirmi? AŞPA-nın üzvləri olaraq inanırıq ki, heç kim bu suala müsbət cavab verməyəcək. Müxalif siyasətçi olmaq terrorizmə təhrik etmək və beynəlxalq terror təşkilatları üçün təbliğat aparmağa kart-blanş vermir. AŞPA müxalif siyasətçilərə qarşı məhkəmə proseslərinə necə münasibət göstərməlidir? Müxalifətin müdafiəsi ilə terrorizmin dəstəklənməməsi arasında həssas tarazlıq tapılmalıdır. Buna baxmayaraq, bu hesabat bu cür tarazlığı yaratmağa cəhd göstərmir. Bu hesabatda məhkəmə prosesləri ilə bağlı faktlara məhəl qoyulmur və Türkiyə ilə münasibətdə konstruktiv yanaşma yoxdur. Azad Demokratlar Qrupu olaraq, müxalifətin demokratik cəmiyyətlərdə həyati əhəmiyyətli rolu faktını tamamilə dərk edirik. Ancaq üzv dövlətlərdə demokratiyanın güclənməsi terrorizmlə bağlı ittihamlara qarşı "kor olmaq" anlamını verməməlidir. Biz başqa üzvləri də bu məsələyə eyni yanaşmaya dəvət edirik.

Bu fikirləri AŞPA-da “Türkiyədə müxalif siyasətçilərin vəziyyətinin pisləşməsi: Avropa Şurasına üzv dövlətdə onların əsas hüquqlarının qorunması üçün nə etməli?” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva söyləyib. O, Avropanı terrora dəstək verən siyasətçiləri müdafiə etməməyə çağırıb.

“Pluralist demokratik cəmiyyətlərdə müxalifət həyati əhəmiyyətli rol oynayır. Onlar milli idarəetməni yaxşılaşdırmaq məqsədilə hakimiyyətdə olan siyasi partiyanı tənqid edirlər. Demokratiyanı müxalifətsiz təsəvvür etmək mümkün deyil. Ancaq müxalifət də demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə riayət etməlidir. Bu əsas prinsiplərə hörmət etməyən istənilən müxalifət demokratiyanın fəaliyyətinə böyük zərər vurur” - deyə o vurğulayıb.

Deputat Türkiyə məsələsi ilə bağlı bildirib ki, müxalifətin bir sıra üzvləri demokratiya qaydalarına uyğun fəaliyyət göstərmirlər. Qətnamə layihəsi terrorizmlə bağlı hüquq pozuntularına görə təqsirləndirilən HDP siyasətçilərinə istinad edir. Onların milli məhkəmə orqanlarına apelyasiya vermək hüququna heç bir maneə törədilmir və onlar qanuni hüquqlarından maneəsiz istifadə edə bilərlər.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

 

Xəbər 261 dəfə oxunub
All rights reserved.
Error