İlk yarımildə Səngəçal terminalından 110 milyon barel neft və kondensat göndərilib

Tarix: 01.08.2024

Birinci yarımildə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.BP-nin cari ilin birinci yarımilinin yekun hesabatına istinadən xəbər verir ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

İlk altı ay ərzində terminal təxminən 110 milyon barel neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı “Bakı-Tbilisi-Ceyhan” vasitəsilə nəql edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon barel və ya 4,35 faiz azdır.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən CQBK və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İlk altı ay ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 76 milyon standart kubmetr (təxminən 2 milyard 683 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.