Azərbaycan Peşəkar Boks Federasiyası və Dünya Boks Şurası beynəlxalq səviyyəli təlimlər təşkil edib

Tarix: 18.02.2020

Azərbaycan Peşəkar Boks Federasiyası (APBF) Dünya Boks Şurası (WBC) ilə birlikdə ölkəmizdə ilk dəfə peşəkar boks sahəsində beynəlxalq səviyyəli təlimlər təşkil edib.

APBF-dan bildiriblər ki, proqram çərçivəsində ilk təlim fevralın 10-11-də “Boulevard Hotel”də peşəkar boks referi və hakimləri üçün keçirilib. Təlimi 2 mindən çox peşəkar döyüşdə, həmçinin 300 titul görüşündə hakimlik etmiş, təcrübəli hakim italiyalı Guido Cavalleri keçirib. Təlimin sonunda hakimlər imtahan verib və WBC-nin xüsusi sertifikatları ilə təltif olunublar.

İkinci təlim isə fevralın 12-də ispaniyalı təcrübəli katman Rodriguez “Tinin” Dominguez Agustin tərəfindən katmanlar üçün keçirilib. Təlimlərdə ümumilikdə 40 nəfər iştirak edib.

APBF-nin prezidenti Artyom Həsənov təlimlər barədə danışarkən bildirib: “Azərbaycan Peşəkar Boks Federasiyası ötən il yenidən təşkil olunaraq aktiv fəaliyyətə başlayıb. Federasiyanın məqsədi ölkəmizdə peşəkar boksu inkişaf etdirməkdir. Bunun üçün boksçular, promouterlər və menecerlərlə iş aparırıq. Dünya Boks Şurası (WBC) ilə ötən il əməkdaşlığa başlamışıq və bu beynəlxalq səviyyəli təlimləri təşkil etmişik. Bütün bunlar Azərbaycanda peşəkar boks döyüşləri keçirməyə imkan verəcək. Arzumuz odur ki, peşəkar boksçularımız ən yüksək beynəlxalq arenalarda bayrağımızı ucaltsınlar”.

Təlimlər Azərbaycanda peşəkar boks sahəsində referilərin, hakimlərin və katmanların hazırlıq səviyyəsinin artırılmasına xidmət edib. Bunun nəticəsində federasiyanın nəzdində beynəlxalq tələblərə cavab verən Peşəkar Boks Komissiyası yaradılıb. Döyüşlərin qaydalara uyğun keçirilməsini idarə edəcək Komissiyanın yaradılması Azərbaycanda peşəkar boks döyüşlərini təşkil etməyə imkan verəcək.

Təlimin proqramı haqqında qısa videoçarxı aşağıdakı keçiddən izləmək mümkündür: https://www.youtube.com/watch?v=qcC7EWkhSTM

Xatırladaq ki, Azərbaycan Peşəkar Boks Federasiyası ölkəmizdə peşəkar boksun inkişafı istiqamətində müxtəlif tədbirləri davam etdirəcək.

 

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)