Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

Tarix: 23.04.2024

Yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq, hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadənin həcmi artırılacaq.

 Milli Məclisin aprelin 23-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qeyd olunub ki, tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə Azərbaycan Prezidenti “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı, istehsalı ilə bağlı icazə sisteminin isə təkmilləşdirilməsi, ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsi öz əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.