Binəqədi rayonunda "Cahana sığmayan düha" adlı tədbir keçirildi

Tarix: 05.11.2019


5 noyabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkılatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar "Nəsimi dühası-650 il" adlı layihə əsasında Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə "Cahana sığmayan düha" adlı tədbir keçirildi.

Tədbirdə şagirdlərin ifasında Nəsiminin yaradıcılığında yer alan müxtəlif qəzəllər, Şirvanşah və Nəsiminin qarşılaşması, Nəsimi və dərvişlər kompozisiyası, Fikrət Əmirovun "Nəsimi" dastanı musiqisinin fonunda qədim Şamaxının tarixi və Nəsiminin həyatına həsr olunmuş videoçarxlar, Qabilin, Bəxtiyar Vahabzadənin, Əli Kərimin Nəsimiyə həsr olunmuş şeirləri, musiqilər və sonda xorun ifasında "Sığmazam" mahnısı ifa olundu. Şagirdlərin çəkdikləri rəsm nümunələri, yazdıqları esse və təqdimatlar nümayiş etdirildi.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, İmadəddin Nəsimi təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə şöhrət qazanan fədakarlıq və iradə rəmzi kimi adı dillər dolaşan böyük Azərbaycan şairi və mütəfəkkiridir.
Nəsimişünas Esmira Şıxıyeva çıxış edərək qeyd etdi ki, dünya ədəbiyyatına nadir incilər bəxş etmiş ümumbəşər şair Nəsimi təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün sərvətdir. Nəsimi irsinin orta məktəblərdə belə geniş öyrədilməsini təqdirəlayiq hesab etdi.

Daha sonra çıxış edən şair, publisist Əli Vahid Nəsimiyə həsr etdiyi şeiri ifa edərək, yeni nəşr olunmuş kitabını məktəb rəhbərliyinə və qonaqlara təqdim etdi.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Cəfərovanın "Cahana sığmayan düha" adlı qəzet məqaləsi və Nəsiminin 650 illiyinə həsr olunmuş xüsusi hədiyyə qonaqlara təqdim edildi.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.