Bu gün Ümumdünya İnternet Günüdür

Tarix: 04.04.2024

 Beynəlxalq İnternet Günü 1998-ci ildə Roma Papası II İohan Pavel tərəfindən təsis olunub. Onun sözlərinə görə, internet bir növ insan biliklərinin ensiklopediyasıdır. Buna görə də dünya hörümçək torunun hamisi ilk 20 cildlik ensiklopediyanı tərtib edən məşhur ensiklopedist Sevilyalı İsidor hesab edilə bilər. O, ilk dəfə öz işində çarpaz istinadlar sistemini tətbiq edib ki, bu da şəbəkədə istifadə edilən hiperistinadları xatırladır. S.İsidor 636-cı ilin bu günü dünyasını dəyişib.

Bundan başqa, bu tarixin qısa yazılışı (4.04) geniş yayılmış və şəbəkənin demək olar ki, hər istifadəçisinin rastlaşdığı “HTTP 404” səhvinə uyğun gəlir. Hələlik internet bayramının dəqiq tarixi haqqında razılıq əldə olunmayıb. Belə ki, hər ölkə Beynəlxalq İnternet Gününü milli domen zonasının açılışı günündə qeyd edir. Lakin dünya miqyasında internetin ən populyar bayramı 4 aprel hesab edilir.

İnternetin tarixi

İnternet bəşər tarixinin ən böyük ixtirasıdır desək, yanılmarıq. Çünki internet olmadan XXI əsrdə həyatımızı təsəvvür etmək mümkün deyil. İnternetdə vahid idarəetmə mərkəzi, yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq, şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilib və mükəmməlləşdirilib. 1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ı müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq edib. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başlayıb. Bunun üçün ilk öncə ABŞ-da yerləşən bütün radarların vahid şəbəkədə birləşdirilməsi işinə başlanılıb. Bunun üçün müxtəlif məntəqələrdə, Pentaqonda, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə bazalarında və digər məntəqələrdə yerləşən kompüterləri vahid şəbəkədə birləşdirmək lazım idi. Bu işi görmək üçün ABŞ-ın ən yaxşı kompüter mütəxəssisləri bir araya gətirildi. Uzun illər davam edən gərgin əmək və çoxlu tədqiqatlardan sonra 29 oktyabr 1969-cu ildə Kaliforniya Universitetindəki laboratoriyaların birində alimlər iki kompüteri vahid sistemdə birləşdirə bildilər. Bu tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. Artıq 1971-ci ildə 15 müxtəlif obyektlərdə olan kompüterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuşdu. Bu sistemin adı ilk illər ARPANET idi.

1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən proqram yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə beynəlxalq standart kimi təsdiqləndi. 1973-1974-cü illərdə TCP/İP protokolu meydana çıxdı. TCP/İP protokolları ARPAnet-in əsas qurucularından olan Robert Ken və Vindon Serf tərəfindən təklif olunub. TCP/İP protokolu 2 rabitə protokolundan ibarətdir. “Transmission Control Protocol” ötürməyə nəzarət protokolu - verilənlərin ötürülməsinə nəzarət edən protokol və “İnternet Protocol”, yəni internet protokolu. 1980-ci ildə isə DNS yaradıldı. Bunun ardınca 1985-ci ildə ABŞ milli elm fonduna məxsus NSFNET - Milli elm fondu şəbəkəsi yaradıldı. Həmin ildə ilk dəfə 56 kb/saniyə sürətilə informasiya ötürülməsinin üsulu tapıldı. Növbəti ildə isə informasiya ötürülməsi üçün 1,5 Mb sürət əldə edildi. Lakin ilk illərdə bu sürəti qlobal olaraq hər yerdə deyil, yalnız laboratoriya daxilində tətbiq etmək olurdu.

Şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamının eyni vaxtda istifadə edə bilməsi üçün 1989-1990-cı illərdə “www” sistemi yaradıldı. Tim Börner Li hiper mətnli sənədlər texnologiyasını yaratdı. Qeyd edək ki, “Ser” titulu qazanan Tim Börner 2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynəlxalq Fond tərəfindən 1 milyon avro məbləğində pul mükafatı qazanıb. Bu proses 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular. “Internet Relay Chat” (IRC) protokolu 1988-ci ildə yaradılıb və şəbəkədə real zaman rejimində ünsiyyət qurmağa imkan verdi. 1989-cu ildə Avropa Nüvə Tədqiqatları Şurasında (CERN) məşhur ingilis alim Tim Berners-Lee tərəfindən təklif olunan “www” (World Wide Web) konsepsiyası doğuldu. İki il ərzində Tim Berners-Lee HTTP protokolunu, HTML dilini və URL-lərini inkişaf etdirdi. Bir il sonra ilk dəfə telefon xətti ilə internetə qoşulublar.

İnternet sözü isə ilk dəfə olaraq 1990-cı ildə istifadə olunmağa başlayıb. 1994-cü ildə ilk dəfə olaraq internetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb.

Azərbaycanda internet

Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlayıb.

Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanılıb və son illərdə istifadəçilərin sayında ciddi artım davam edir. Bunun əsas səbəbi ölkədə İKT sahəsinin inkişaf etdirilməsi, elektron hökumət layihələrinin genişlənməsi, xidmətlərin göstərilməsi üçün internetdən istifadənin artırılması üzrə həyata keçirilən dövlət siyasətinin icrasının nəticəsidir. Son illərdə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artıb.

Belə ki, Azərbaycanda 2023-cü ilin yekunlarına əsasən genişzolaqlı internetin sürəti artaraq ortalama 35,25 Mbit/s-i keçib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin dekabr ayında internetin sürəti 27,15 Mbit/s olub ki, bu da 30 faiz artım deməkdir.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər və əvvəlki dirəklər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə və yeni dirəklərlə əvəzlənir. Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

“Speedtest Global Index”in heaabatına əsasən, 2023-cü ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 178 ölkə arasında noyabr ayına nisbətən 1 pillə irəliləyərək 35,25 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb. Azərbaycan dekabrda mobil internetin sürətinə görə isə 146 ölkə arasında 43,8 MB/S sürətlə 1 pillə geriləyərək 59-cu yerdə qərarlaşıb.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə 194 şəhər arasında 1 pillə irəliləyərək 37,63 MB/S sürətlə 136-cı yerdə qərarlaşıb.

2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə ərazisində 2,077 min ev təsərrüfatı və biznes subyekti (təsərrüfat) yüksəksürətli internet xidmətləri ilə əhatə edilib. Bununla da layihənin 71 faizi icra olunub.

Ümumilikdə, Azərbaycanda 1,7 milyona yaxın ev təsərrüfatı genişzolaqlı internetlə əhatə olunub. Sözügedən layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

Qabaqlayıcı hökumət konsepti – “Mygov” platforması

Cari ildə olan ölkəmizdə ən prioritet məsələlərdən biri də bir sıra qanunvericilik aktlarının qəbul olunmasıdır ki, bu, ümumi rəqəmsallaşmanın sürətini artıracaq, rəqəmsallaşmanın hansı şəkildə baş verməsini müəyyən edən standartlar tətbiq edəcək. Həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunam “MyGov” platformasının aprel ayında işə düşməsi planlaşdırılır.

“Mygov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “Mygov” portalı (www.my.gov.az) vasitəsilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcəklər.

“Mygov” portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.

2023-cü ildə "Mygov" platformasının yeni versiyası hazırlanıb. 4 portal (e-gov.az, mygov, rih.gov.az, e.rabita az) funksionallıqla vahid platformada birləşdirilib. Platforma həm veb, həm də mobil versiyada fəaliyyət göstərir. Platformada 3 həyat hadisəsi üzrə xidmətlər sadələşdirilib; valideyn olmaq, ailə qurmaq, ailə üzvünün vəfatı. Həmçinin rəqəmsal sənədlər bölməsində sənəd əlavə etmək imkanı yaradılıb; şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, sürücülük vəsiqəsi. Hüquqi əsasın təmin olunması üçün sənədlər paketi hökumətə təqdim olunub, yekun təsdiq gözlənilir.

Bu il ərzində digər dövlət qurumlarının proqramın altsisteminə inteqrasiyası nəzərdə tutulub. Həmçinin bir neçə özəl subyektin altsistemə inteqrasiyası planlaşdırılır. Altsistemin Rəqəmsal Hökumət Platforması ilə inteqrasiyası nəticəsində vətəndaş və dövlət qurumları arasında elektron sənəd mübadiləsinin təmin edilməsi əldə olunacaq. Həmçinin məlumatların QR kod vasitəsilə paylaşılması imkanı yaradılıb, sənədlərin doğruluğunu yoxlamaq üçün “Mygov Checker” tətbiqi yaradılıb, sorğulanan fərdi məlumatların vətəndaş tərəfindən icazəsinin idarə edilməsi təmin edilib.

Bu il “Mygov” platformasında həyat hadisələrinin sayının 7-ə çatdırılması hədəflənib.