Dünya şöhrətli kitabxanada Azərbaycan kitablarının təqdimatı olub

Tarix: 06.03.2020

ABŞ-ın məşhur Konqres Kitabxanasına Azərbaycan kitabları hədiyyə edilib. Sözügedən kitablar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən hədiyyə olunub.

Təqdimat mərasimi Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Konqresin Tomas Cefferson adına Kitabxanasında keçirilib.

Tədbir kitabxananın möhtəşəm və tarixi Şimal-Şərq Pavilyonunda baş tutub. Tədbirdə kitabxananın Yaxın Şərq Bölməsinin rəhbəri Coan Viks çıxış edərək, sözügedən bölmənin fəaliyyəti haqqında ətraflı məlumat verib. C.Viks tədbirin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, hədiyyə edilmiş kitabların Konqres Kitabxanasının Yaxın Şərq bölməsindəki Azərbaycana aid olan kolleksiyasında mühüm boşluqları doldurmasına töhfə verəcəyini söyləyib.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov kitabxana rəsmilərinə öz təşəkkürünü bildirərək onların gördüyü işin insanların inkişafı üçün çox vacib olduğunu vurğulayıb. Belə bir tədbirin təşkilində göstərdikləri dəstək üçün səfir C.Viks və kitabxanada çalışan həmyerlimiz Müjgan Nəzərovaya xüsusi minnətdarlığını ifadə edib. Səfir ABŞ Konqres Kitabxanasında artıq 6 mindən çox Azərbaycan dilində çap edilmiş kitabın mövcud olduğunu söyləyib. Kitabxanada türkdilli xalqların yazılarının saxlanıldığını xatırladan diplomat Azərbaycanın türk dünyasının aparıcı və tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası da daxil olmaqla artıq ölkəmizin 10 kitabxanası ABŞ-ın Konqres Kitabxanası ilə mübadilə tərəfdaşlığı edir.

Ümummilli lider Heydər Əliyevin “Kitabxanaya hörmət xalqın mədəniyyətini nümayiş etdirən amillərdən biridir” sözlərinə istinad edən səfir Azərbaycanda savadlılıq dərəcəsinin 100 faizə yaxın olduğunu qeyd edib, ölkəmizdə hər zaman kitabxana işinə böyük hörmətlə yanaşdığını bildirib. Hədiyyə olunan 50 kitabın içərisində fərqli mövzuları əhatə edən kitablar təqdim edilib. Beləliklə, ABŞ Konqres Kitabxanasının oxucuları Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi və coğrafiyasına aid olan kitablarla artıq tanış ola bilər. Səfir 2017-ci ilin mart ayında Konqres kitabxanasında Fəridə Buyuranın “Nar və Zəfəran” adlı kitabının təqdimatının keçirilməsini xatırladaraq, əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib.

Sonda səfir E.Süleymanova kitabxana adından rəsmi təşəkkür məktubu və ümumi mübadilə tərəfdaşlığı barədə sazişin surəti təqdim edilib.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)