Əhməd Məmmədov: Su çatışmazlığı ilə bağlı vəziyyətin ən ağır olduğu yer Şamaxı və Qobustandır

Tarix: 13.03.2024


Azərbaycanda su çatışmazlığı ilə bağlı vəziyyətin ən ağır olduğu yer Şamaxı və Qobustan zonasıdır. Amma bu zonalar Bakıya çox yaxındır, həm də turizm və kənd təsərrüfatının inkişafı üçün əlverişli zonalardır. Təəssüflər olsun ki, ərazidə su çatışmazlığı olduğu üçün çox ciddi sıxıntılar yaşanır.

 "Hidroloq" MMC-nin baş mütəxəssisi, texnika elmləri doktoru, Əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.

O qeyd edib ki, yay aylarında Şamaxı və Qobustan şəhərləri su ilə təmin olunublar, amma bu zonada 38 kənd ciddi su sıxıntısı ilə qarşı-qarşıyadır, bulaqlar quruyur.

“Təklifimiz bundan ibarətdir ki, Ağsu çayının bir qolu üzərində Basqal kəndinin altında bir su anbarı tikək. Girdmançayın istifadə olunmayan su ehtiyatının bir hissəsini bura axıdaq və bu anbardan da Şamaxı şəhərinin girişinə su verək. Apardığımız araşdırmalara görə, ildə bu zonalara təxminən 50 milyon kubmetrə qədər su vermək olar. Təsəvvür edin ki, 1 kubmetr suya ehtiyacı olan bu əraziyə ildə 50 milyon kubmetr su verməklə ərazidə intensiv bağçılığın inkişafına təkan verilə bilər. Həm də burada heç bir nasosdan istifadə olunmayacaq”, - deyə Əməkdar mühəndis bildirib.

Əhməd Məmmədov əlavə edib ki, turizmin inkişafı üçün ən böyük zonalardan biri də Şəki- Zaqatala zonasıdır: “Zonada olan yeganə su anbarı Əyriçaydır ki, bu da 86-cı ildə istifadəyə verilib”.