Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb

Tarix: 18.11.2019

Gürcüstan cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı idxal edib. Azərbaycan bu göstərici ilə Gürcüstanın yanacaq aldığı ölkələr sırasında üçüncü yerdədir.

 Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb. Bildirilir ki, hesabat dövründə Azərbaycandan alınan yanacaq Gürcüstanın ümumi yanacaq idxalının 13,9 faizini təşkil edib.

Yanvar-oktyabr aylarında Gürcüstan ümumilikdə 890,9 min ton benzin və dizel yanacağı idxal edib. Bu da illik müqayisədə 19,2 min ton və ya 2,1 faiz azdır. İdxal olunan yanacağın 456,3 min tonu benzin, 434,6 min tonu isə dizel yanacağı olub. Benzinin idxalında 1 faiz artım, dizel yanacağının idxalında isə 5,2 faiz azalma qeydə alınıb.

On ayda Gürcüstan Rusiyadan 274,6 min ton, Rumıniyadan 23,3 min ton, Türkmənistandan 103,7 min ton, Bolqarıstandan 77,9 min ton, Yunanıstandan 49,6 min ton, Türkiyədən isə 16 min ton benzin və dizel yanacağı idxal edib.

 

AZƏRTAC