Hikmət Babaoğlu: Azərbaycan Prezidentinin altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı məzmun etibarilə konseptual, çağırışlar etibarilə tarixi çıxış idi

Tarix: 16.03.2020

“Azərbaycan Prezidentinin altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı məzmun etibarilə konseptual, çağırışlar etibarilə tarixi çıxış idi. Əslində bu çıxışda irəli sürülən fikirlər və vəzifə kimi müəyyənləşdirilə biləcək tövsiyələr siyasi sistemimizdə və ictimai münasibətlər sistemimizdə yeni tarixi mərhələ yaradacaq keyfiyyət mərhələsinin başlanğıcı da hesab edilə bilər. Çünki Prezident İlham Əliyev siyasi sistemimizin möhkəmləndirilməsi, siyasi proseslərin sağlam zəmində gücləndirilməsinin vacibliyi, genişmiqyaslı siyasi islahatların aparılması və yeni siyasi konfiqurasiyadan danışdı”. Bu fikirləri  Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bunlar önümüzdə nə qədər dərin və məzmunlu islahatların həyata keçiriləcəyinin anonsu, bu islahatları təmin edəcək siyasi iradənin qətiyyəti kimi qəbul edilə bilər. Elə yeni parlamentin tərkibi və parlament rəhbərliyinin çoxpartiyalı əsaslarda formalaşması da bunun əyani sübutudur. Çünki bu vaxta qədər parlamentarizm tariximizdə Milli Məclisin sədr müavinlərinin müxalifət və bitərəf deputatlardan təşkil olunması təcrübəsi yox idi və altıncı çağırışda bu, bir ilk oldu. Paralel olaraq komitə sədri və müavinlər səviyyəsində də müxalif və bitərəflərin iştirakçılığının təmin olunması artıq Milli Məclisdə yeni siyasi konfiqurasiya yaratdı ki, bu da ayrıca bir yenilikdir.

H.Babaoğlu əlavə edib ki, aparılan islahatlar kontekstində bu islahatların bütövlükdə siyasi sistemimizi tam əhatə edəcək qədər dərinləşməsini də proqnozlaşdırmaq olar. Azərbaycan Prezidentinin nitqində ən əsas məsələlərdən biri də deputatlarla seçicilər arasında yeni münasibətlərin yaradılmasının zəruriliyi ilə bağlı idi. Bu vaxta qədər deputat–seçici münasibətləri bəzi hallarda elə seçki dövrü ilə məhdudlaşırdı ki, bu da seçicilərin problemlərinin həlli, yaxud onların məmnun edilməsi məsələsində ciddi problemlər yaradırdı. Önümüzdəki mərhələdə bu xoş olmayan hal da aradan qalxacaq və beləliklə, seçici səs verdiyi deputatla sıx ünsiyyətdə olmaqla qarşılıqlı etimada əsaslanan münasibətlər qura biləcək. Nəticə etibarilə, həm problemlər həll ediləcək, həm də ümumi əlaqələrimizdə ictimai etimad mühiti formalaşacaq ki, bu da cəmiyyətin və siyasi sistemimizin inkişafı baxımından olduqca əhəmiyyətli sosial amildir. Əminəm ki, hər bir deputat Azərbaycan Prezidentinin çıxışını özünün fəaliyyət proqramı kimi qəbul etməklə siyasi sistemimizin daha da güclənərək yeni keyfiyyət mərhələsinə qədəm qoymasına öz töhfəsini verəcək.


http://www.yap.org.az