ICESCO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçiriləcək

Tarix: 17.06.2020


İyunun 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konfransın gündəliyinə rəqəmsal mədəniyyət, mədəniyyət turizmi, idman və mədəniyyət arasında əlaqələr, COVID-19 pandemiyası dövründə Mədəniyyət nazirliklərinin fəaliyyəti və İslam Dünyası İrs Siyahısına daxil edilmiş tarixi abidələrin mühafizəsi məsələləri daxil edilib.

Konfransda bir sıra regional və beynəlxalq təşkilatların, o cümlədən Dünya Turizm Təşkilatı və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının təmsilçilərinin də iştirakı gözlənilir.

Tədbirin açılışında ICESCO-nun Baş direktoru Salim əl-Malik, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Nura əl-Kəəbi, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və BMT-nin Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Miqel Angel Moratinos çıxış edəcəklər.

Sonra Mədəniyyət nazirlərinin iştirakı ilə virtual sessiyaları keçiriləcək və yekun bəyannamə qəbul ediləcək.