Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Tarix: 18.04.2024

Azərbaycan Milli Kitabxanasında “18 aprel - Tarixi Abidələrin Mühafizəsi Günü” adlı geniş kitab sərgisi təşkil edilib.

Sərgi bir həftə davam edəcək.

UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında hər il 18 aprel -Tarixi Abidələrin Mühafizəsi Günü kimi qeyd olunur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olunub.

Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün diqqət mərkəzindədir.

Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi, tədqiqi, mühafizəsi, bərpası və mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.