Müxalifət anti-azərbaycan fəaliyyətini bir daha təsdiq etdi

Tarix: 23.10.2019

 

Məlum olduğu kimi, bir müddət bundan öncə Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək 8 oktyabr tarixində şəhər administrasiyasının qarşısında 50 nəfərin iştirakı ilə piket keçirməsinə icazə istəmişdi. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasında “Sərbəst Toplaşmaq Azadlığı haqqında” Qanunu və ölkəmizdə toplaşmaq azadlığını, söz, fikir azadlığını əldə rəhbər tutaraq müraciətə müsbət cavab vermiş, icazəli piket keçirilməsinə razılığını ifadə etmişdi. Lakin təəssüflər olsun ki, həmişəki ampulasında olan radikal müxalifət və onun Milli Şurası dövlətin onlara yaratdığı şəraitdən sui-istifadə edərək icazəli piketi qanunsuz kütləvi mitinqə çevirməyə cəhd göstərmiş, müraciətdə nəzərdə tutulmayan şüarlar səsləndirmiş, bununla da əsl məkrli niyyətlərini bir daha ortaya qoymuşdur. Müxalifət əslində bu hərəkəti ilə məqsədinin icazəli piket keçirmək olmadığını, əsasən müxtəlif təhrikedici hadisələrlə sabitliyə xələl gətirmək olduğunu bir daha həyasızcasına nümayiş etdirmişdir.

Qeyd edək ki, müxalifət partiyalarının zaman-zaman anti-azərbaycan və anti-milli mövqeyinə əsaslanan mitinq və piket keçirmək istəklərinə Azərbaycan hökuməti tərəfindən hər cür şərait yaradılsa da bunları qane etməmiş və müxtəlif bəhanələrlə ya mitinq keçiməkdən imtina etmiş, ya da icazəsiz mitinqlərə cəhd göstərərək daxili sabitliyi pozmağa çalışmışdır. Bu dəfəki piket də əvvəlkilərdən heç nə ilə fərqlənməmiş, əslində isə müxalifətin radikal və qeyri-sivil mübarizə üsullarından xəbər vermişdir.

Bəs bu ilin 19 oktyabr tarixində Bakının mərkəzində nə baş verdi? Radikal müxalifətin əvvəlki şouları yenidən təkrarlandı. Bu dəfə daha da həyasızcasına. Belə ki, Milli Şura və onun baş bilənləri Azərbaycanın siyasi tarixində öz qəti radikallığı ilə seçilən Əli Kərimlinin təsiri il Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirilməsi ilə bağlı müraciət etdilər. İcra hakimiyyəti onlara mitinq keçirmək üçün təhlükəsiz, insanların gediş-gəlişinə, istirahətinə mane olmayacaq bir yer Lökbatan qəsəbəsindəki stadionu təklif etdi. Qeyd edək ki, bu stadion sakit bir ərazini əhatə etməklə yüksək təmirli şəraiti, mitinq və digər kütləvi aksiyaların keçirilməsi üçün ən əlverişli ərazilərdən biridir. Lakin radikal müxalifət nə etdi?! Dövlət qurumunun bu müraciətini və razılığını heçə sayaraq yenidən sabitliyin pozulmasına yönəlmiş addımlara atmağa davam etdi. Belə ki, Lökbatan qəsəbəsindəki stadiona getməkdən imtina edərək məhdud sayda olan tərəfdarlarını, cəmiyyəti hakimiyyətə qarşı itaətsizliyə, qeyri-qanuni hərəkətlərə, iğtişaşlara əl atmağa səslədi. İmtinasına isə Lökbatanın uzaqda yerləşdiyini, oraya gediş-gəlişin çətinliyini bəhanə gətirdi. Lakin o ərazini tanıyanlar çox yaxşı bilir və bilməyənlər də araşdıra bilər ki, həmin əraziyə marşrut avtobuslarının, eləcə də digər nəqliyyat vasitələrinin gediş-gəlişi üçün ən münasib şərait var. Sadəcə olaraq müxalifət yenə də ətrafında sosial baza azlığını ört-basdır etmək üçün belə bir rəzilliyə əl atdı. Azğınlaşdığını bir daha əməli ilə sübut etdi. İndi müxalifətin nümayəndələri və onlara zuy tutanlar deyirlər ki, guya 19 oktyabrda rayonlardan Bakıya mitinqə gələnlərin qarşısı alınıb, onlara maneçilik törədilib. Bəs onda hardadır sadə məntiq. Necə olur ki, rayonlardan avtobusla Bakıya mitinqə gələ bilirlər. Əgər belədirsə, rayonlardan gediş-gəlişə ən yaxın və rahat ərazi olan Lökbatan qəsəbəsindəki mitinqdən nə üçün imtina edildi? Bununla Əli Kərimli və onun əlaltılar özləri-özlərini təkzib etmiş oldu.

Nəticədə Milli Şura və onların xarici havadarları yenidən qızışaraq Azərbaycanda daxili xaos yaratmağa cəhdlər edərək əhalinin sıx olduğu, ən çox dincəldiyi, iri metro stansiyasının, ticarət mərkəzlərinin yerləşdiyi ərazidə - 28 May metrostansiyası ətrafında icazəsiz mitinq keçirəcəkləri ilə bağlı məlumatlar verməyə və əhaliyə qeyri-qanuni çağırışlar etməyə başladılar. Bakı Şəhəri İcra Hakimiyyəti razılıq verilməyən mitinq keçirilməsi cəhdləri ilə bağlı təşkilatçıları dəvət edərək onlara xəbərdarlıq etmiş, hətta həmin şəxslərin izahatları alınmışdır. Təəssüflər olsun ki, gərgin dünyada geosiyasi proseslərin getdiyi bir vaxtda öz dövlətinin müstəqilliyinə, təhlükəsizliyinə təhdidlər yağdıran, daxili ictimai-siyasi sabitliyi pozmağa çalışan bir qrup şəxs anti-Azərbaycan qüvvələrin oyuncağına çevrilib. Bununla da öz şəxsi ambisiyaları uğrunda milli maraqlarını qurban verməkdən belə çəkinmirlər. Narahatedici məqamlardan biri də budur ki, həmin radikallar müəyən sosial problmləri olan şəxslərin hissləri ilə oyanayaraq onların iradəsindən də sui-istifadə etmiş, onların icazəsiz mitinqdə iştirakına şərait yaradaraq qanunsuz əməllərinin çevrəsini daha da genişləndirmişdir.

Radikal müxalifətə və onların havadarlarına xüsusilə xatırlatmaq lazımdır ki, sərbəst toplaşmaq, söz azadlığı anarxiya demək deyil. Sizlər anlamalısınız ki, sizin hüquqlarınız başqalarının hüquqlarının başlandığı yerdə bitir və Azərbaycana qarşı bütün çirkin niyyətlərin qarşısı qətiyyətlə alınacaqdır. Bu gün ölkəmizdə 55 siyasi partiya dövlət qeydiyyatından keçib və onların fəaliyyətinə tam şərait yaradılıb. Bu demokratiya deyilsə, bəs nədir?!.

Dövləti maraqlarını heçə sayan, vəzifə hərisliyi ilə xarici maraqlı qüvvələrin qoltuğuna sığınan Əli Kərimli və ən böyük virtual dəstəkçiləri Sevinc Osmanqızı, Tural Sadıqlı, Qənimət Zahid öz əməlləri ilə özlərini Azərbaycanın tarixi zibilliyinə basdırmağa davam edirlər. Azərbaycan xalqı onların məkrli əməllərini hər zaman lənətlə xatırlayacaqdır.

Təəssüf doğuran daha bir məqam isə Avropa Birliyi və ABŞ-ın icazəsiz mitinqlə bağlı bəyanət verərək qanunsuz mitinqlərə bu və ya digər formada haqq qazandırması, bununla da digər strateji tərəfdaş ölkənin daxili işlərinə qarışmağın çox pis nümunəsini ortaya qoymuş oldu. Ancaq bildirmək yerinə düşər ki, ABŞ və Avropa ölkələrində mitinqlər və kütləvi nümayişlər zamanı polislərin qəddarlığı və qeyri-insani hərəkətləri daha dözülməzdir. Bunlarla müqayisədə isə Azərbaycan polisi daha etik, daha sivildir. ABŞ və Avropa Birliyi yaxşı olardı ki, “ədalətli” mövqeyini həmin ölkələrdə baş verənlərə münasibət bildirməklə orta qoysun. Hər kəs bilsin ki, Azərbaycan hüquqi, demokrat dövlətdir, müstəqil respublikadır və müstəqil siyasət yürüdən Azərbaycan xalqının iradəsinə uyğun olaraq öz taleyini özü həll edir.

Bu hadisələrə laqeyd qalmaq qəti yolverilməzdir. Mən çox minli seçicisi olan millət vəkillərini, ağsaqqalları, nüfuzlu şəxsləri, qeyri-hökumət təşkilatlarının, həmkarlar təşkilatlarının, mətbuat nümayəndələrini bu cür məsələlərə münasibət bildirməyə, hadisələrə obyektiv mövqe sərgiləməyə, haqq səsimizin duyurmağa və işıqlandırmağa çağırıram.

Heç bir xarici dövlət Azərbaycanın daxili işinə qarışa bilməz. Bu ölkədə qanunun aliliyi təmin edilir və hər kəs qanun qarşısında bərabər məsuliyyət daşır. Azərbaycann müstəqilliyinə, suverenliyinə, təhlükəsizliyinə qarşı çıxmış hər kəs qanun qarşısında öz layiqli cavabını alacaqdır. Azərbaycan inkişaf etmiş bir dövlət və onun dünyada yüksək nüfuz sahibi olan siyasi lideri var. Azərbaycan xalqı hər zaman dövlət başçısı cənab İlham Əliyevə inanıb, güvənib, etimad göstərib. Çünki dövlət başçısı bütün siyasi rəhbərliyi dövründə dövlətinin və xalqının maraqlarını daim uca tutub. Cənab İlham Əliyev Prezident seçkiləri ərəfəsində, prezident seçildikdən sonra və andiçmə mərasimi zamanı səsləndirdiyi çıxışlarında dəfələrlə vurğulayıb ki, mənim siyasətimin mərkəzindəAzərbaycan vətəndaşı dayanır. Bu fikri əməli ilə sübut edən dövlət başçısı son bir il yarım vaxtda kifayət qədər mühüm sosial, iqtisadi islahtalar həyata keçirib. Azərbaycanın iqtisadi qüdrəti artdıqca əhalinin sosial rifahının daha da yüksəldiləcəyi ilə bağlı verdiyi bütün vədlər öz yerinə yetirilməklə bərabər bu islahatların davamlı olması xüsusi əhəmiyyət daşıyır. Bir sözlə, Azərbaycan güclü dövlətdir, onun güclü lideri var və Azərbaycanda sarsılmayan güclü xalq və iqtidar birliyi var.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov