Nadir Bədəlov: Məqsədimiz Azərbaycan mədəniyyəti və incəsənətini təbliğ etməkdir

Tarix: 04.03.2020

Məqsədimiz “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin yaradıcılığını daha geniş yaymaq, bu yolla həm də Azərbaycan ədəbiyyatını, mədəniyyətini və incəsənətini təbliğ etməkdir.

Bu sözləri açıqlamasında “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin ssenari müəllifi Nadir Bədəlov söyləyib.

Onun sözlərinə görə, Cəlil Məmmədquluzadə Azərbaycan xalqının yazıçısı, dramaturqudur. O, “Molla Nəsrəddin” ədəbi məktəbini yaratmaqla Azərbaycan ədəbi mühitində dərin iz buraxıb. Azərbaycan Prezidentinin böyük ədəbin anadan olmasının 150 illiyinin qeyd olunması haqqında məlum Sərəncamından sonra biz Mədəniyyət Nazirliyinin sifarişi ilə belə bir filmin çəkilişlərinə başladıq.

Ssenari müəllifi deyib ki, filmin təqdimatının xarici ölkələrdə ilk dəfə Gürcüstanda keçirilməsi də təsadüfi deyil: “Mirzə Cəlil yaradıcılığının böyük bir hissəsi Gürcüstanla bağlıdır. O, Qori Seminariyasında təhsil alıb, Tbilisidə yaradıcılıqla məşğul olub. Ona görə də filmin ilk xarici təqdimatının Tbilisidə təqdimatı bizim üçün böyük uğurdur”.

“Salnamə” studiyasının istehsal etdiyi, Mirzə Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş sənədli filmin xaricdə ilk premyerası Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə martın 3-də Tbilisidə M.F.Axundov adına mədəniyyət muzeyində keçirilib.

Filmin prodüseri Nazim Hüseynov, rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elxan Rüstəmovdur.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)