Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Tarix: 03.05.2024

Azərbaycan minadan əziyyət çəkən ölkələrdəndir. Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdə söyləyib.

Azərbaycanın minaların təmizlənməsi prosesində böyük dəstəyə ehtiyac duyduğunu qeyd edən Prezidentin köməkçisi bu məsələnin Avropanın təhlükəsizliyi üçün də vacib olduğunu vurğulayıb.

Hikmət Hacıyev qeyd edib ki, Qoşulmama Hərəkatı çərçivəsində minalardan əziyyət çəkən ölkələrin qrupu yaradılıb və Azərbaycan da bu qrupa daxildir.

Avropa Komandasının mina əleyhinə təşəbbüsünün əhəmiyyətindən danışan Prezidentin köməkçisi Avropa İttifaqının (Aİ) ölkəmizə dəstəyini yüksək qiymətləndirib. O, Aİ-nin yardımın əlaqələndirilməsi və praktiki surətdə həyata keçirilməsi üçün məsləhətləşmələrin vacibliyini vurğulayıb.

“Avropa İttifaqının bu təşəbbüsünün Azərbaycanla Aİ arasında əlaqələrə və ölkəmizin minalarla bağlı apardığı fəaliyyətə töhfə verəcəyinə inanırıq”, - deyə Hikmət Hacıyev əlavə edib.