Sədaqət Vəliyeva: Dövlət həkimlərin əməyini və fədakarlığı daim yüksək qiymətləndirir

Tarix: 17.06.2020


“Hər il iyunun 17-si ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Həmin Sərəncamla Tibb İşçiləri Peşə Bayramı Gününün təsis edilməsi müdrik dövlət rəhbərinin həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə verdiyi dəyərin ifadəsi idi. Hər dəfə bu tarix öncəsi həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tibb işçilərinin təltif edilməsi barədə sərəncamlar imzalayıblar. Elə bu il də cənab Prezidentin Sərəncamı ilə 18 nəfər “Əməkdar həkim”, 2 nəfər “Əməkdar tibb işçisi”, 16 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib. Bu da ondan irəli gəlir ki, dövlət həkimlərin əməyini və fədakarlığı daim yüksək qiymətləndirir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ölkəmizdə müasir tələblərə cavab verən tibb ocaqları tikilir, səhiyyə müəssisələri bərpa olunaraq yeni avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır: “Ölkəmizdə 650-dək yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Statistikasına görə, hazırda ölkəmizdə 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Eyni zamanda, Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur. Eləcə də gələn ildən icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Bununla da ölkə miqyasında əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, xidmət keyfiyyətinin daha da yüksəldilməsi və səhiyyə sisteminin maliyyə potensialınının daha da güclənməsi təmin ediləcək”.

“Koronavirus pandemiyası dövründə Azərbaycan səhiyyə sisteminin dayanıqlılığı və həkimlərimizin qabiliyyəti, bacarığı və fədakarlığı bir daha isbatlandı” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, koronavirus pandemiyası ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşür: “Həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlardan istifadə edirlər. Elə həkimlər var ki, 70 gündür evə getmirlər. Məsuliyyətsizlik üzündən, yaxud immunitetin zəifliyindən bu virusa yoluxan xəstələri sağlam şəkildə həyata qaytarmaq üçün həkimlərimiz gecə-gündüz çalışırlar. Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı, sözün əsl mənasında, xalqımızın koronavirus pandemiyasının ağır sınaqlarından uğurla çıxmasında mühüm rol oynayır. Həkimlər pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana biliblər. Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir. Məhz, bunun nəticəsidir ki, Prezident İlham Əliyevin göstərişi ilə həkimlərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirir”.

Deputat Sədaqət Vəliyeva həkim olaraq Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bütün tibb işçisi təbrik edib, onlara can sağlığı, fəaliyyət uğurları arzulayıb, koronavirus pandemiyası ilə mübarizədə göstərdikləri fədakarlığın hər kəsə nümunə olduğunu diqqətə çatdırıb.