Sumqayıtın estrada-musiqi qrupları “YARAT”da çıxış edəcək

Tarix: 29.10.2019

Noyabrın 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin “Səmt” və “Start” estrada-musiqi qruplarının çıxışı olacaq.

Uşaqlardan ibarət “Start” qrupu 2016-cı ildə təsis olunub və müxtəlif musiqi alətlərlərində ifa edən 11 iştirakçıdan ibarətdir. Qrup Bakıda Caz Festivalında, Beynəlxalq Muğam Mərkəzində, Avrasiya Xalqları Assambleyası Günlərinin açılışında, həmçinin Bakı və Sumqayıtda müxtəlif məkanlarda çıxış ediblər.

9 iştirakçıdan ibarət “Səmt” estrada qrupu isə 2010-cu ildə təsis olunub və artıq bir çox tədbirlərdə çıxış edib.

Hər iki qrupun rəhbəri bəstəkar və musiqiçi Vadim Cavadovdur.

Konsertin proqramına filmlərdən sevimli və tanınan melodiyalar, Azərbaycan, rus və digər dillərdəki populyar mahnılar, müəllif kompozisiyaları daxildir.

Tədbir Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçiriləcək.

 


AZƏRTAC