Sağçı-radikal “Almaniya üçün alternativ” partiyası seçkilərdə növbəti dəfə almanları və əcnəbi müşahidəçiləri təəccübləndirib.
Türingiyada landtaqa (əyalət parlamenti) seçkilərdə “Almaniya üçün alternativ” partiyası 23 faiz səs toplayaraq ikinci yerdə qərarlaşıb. Bu göstərici 2 il əvvəl partiyanın seçkilərdəki nəticələrindən iki dəfə çoxdur.
Seçkilərin qalibi isə 30 faizlə “solçular” olublar. Sol Partiya fraksiyasının bundestaqdakı rəhbəri bəyan edib ki, onların qələbəsi “sensasiyalı və tarixi” zəfərdir. “Almaniya üçün alternativ” partiyasının yerli şöbəsinin başçısı isə bildirib ki, bu əyalət “siyasi kursun dəyişməsi” xəttini seçib.
Angela Merkelin partiyasından olan mühafizəkarlar seçkilərdə üçüncü yeri tutublar. Onlar nəticələrə dair heç bir şərh verməyiblər. Bu göstərici XDİ-nin bu federal əyalətdə seçkilərin tarixi boyu göstərdiyi ən pis nəticədir.