Vüqar Bayramov: Davos İqtisadi Forumu qlobal iqtisadiyyat üçün vacib tədbirlərdən biri hesab olunur

Tarix: 24.01.2019

“Davos İqtisadi Forumu əhəmiyyətinə görə, dünyanın ən əhəmiyyətli forumlarından hesab olunur”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, 2019-cu ilin Davos İqtisadi Forumuna 3 mindən artıq şəxsin qatılması nəzərdə tutulub ki, onlardan mindən çoxu biznes liderləridir. Onun sözlərinə görə, bu baxımdan forum qlobal iqtisadiyyat üçün vacib tədbirlərdən biri hesab olunur.

“Bu il əsas mövzu qloballaşma və sənaye inqilabıdır. Forumun hər il özü üçün mövzu müəyyənləşdirdiyini nəzərə alsaq, builki mövzunun birmənalı şəkildə son dövrdə böyük əhəmiyyət kəsb etməsi və qloballaşmanın mənəvi tərəflərinin arxa planda qalması ilə bağlıdır. Davos İqtisadi Forumunun açıqlamasına görə, forum qloballaşma və qlobalizmi bir-birindən ayırır. Foruma görə qloballaşma texniki, qlobalizm isə milli maraqlar üzərində formalaşan bir sistemdir. Nəticə etibarı ilə qloballaşma texnologiya və işçi qüvvəsinin azad hərəkətinə imkan yaratmalı olduğu halda, qlobalizm milli maraqların qurulmasına imkan vermir. Bu baxımdan qloballaşmanın mənəvi tərəflərinin də araşdırılması forumun əsas hədəflərindən biridir”.

Forumun Azərbaycan üçün əhəmiyyətinə gəldikdə, iqtisadçı ekspert qeyd edib ki, Azərbaycan üçün forumun əhəmiyyətini göstərən faktorlardan biri burada ölkəmizin nümayəndə heyətinə dövlət başçısının rəhbərlik etməsidir. “Bu da əlbəttə ki, ölkəmizin foruma verdiyi önəminin göstəricisidir. Forum Azərbaycan üçün öz potensialını nümayiş etdirməsi, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev Forum çərçivəsində təkcə rəsmilərlə deyil, eyni zamanda aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirir ki, bu da ölkəmizin potensialının nümayişi baxımından çox vacibdir”-deyə, V.Bayramov vurğulayıb.

http://www.yap.org.az