Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir

Tarix: 23.09.2019

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir. Sözügedən avtomobil yolu Bakı-Sumqayıt, Binəqədi-Novxanı, Mehdiabad-Fatmayı-Goradil, Zabrat-Maştağa avtomobil yollarına və bu yollar üzərində yerləşən qəsəbələrə gediş-gəlişi rahatlaşdırmaq baxımından xüsusi əhəmiyyətə malikdir.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib. Layihə çərçivəsində yolun Balaxanı qəsəbəsindən keçən 4,5 kilometrlik hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun “Təmiz Şəhər” ASC-nin qarşısından Mehdiabad qəsəbəsinədək olan 5,5 kilometrlik hissəsinin asfaltlanması işləri görülür. Növbəti mərhələdə isə sözügedən yolun Mehdiabad-Binəqədi hissəsinin yenidən qurulmasına başlanılacaq. Ümumilikdə isə yola 12 santimetr qalınlığında 175 min kvadratmetr yeni asfalt örtüyü döşənəcək.

Yenidənqurma işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri görülür.

Layihəyə uyğun olaraq, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1,5 metr enində yeni piyada səkiləri inşa olunacaq, kənarlarına isə səki daşları düzüləcək. Tikinti işləri yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə 100 ədəd yağış sularının kənarlaşdırılması üçün yağış barmaqlıqları qoyulacaq, 150 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi çərçivəsində yenidən qurulur. Yolun yenidən qurulması bir neçə qəsəbəni birləşdirməklə həm yol boyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

 

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)