YAP Binəqədi rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edildi

Tarix: 06.11.2019


6 noyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayon təşkilatının yeni Binəqədi rayonu, Mir Cəlal 1D (“Xaliq Faiqoğlu” şirkəti) ünvanlı ərazi ilk partiya təşkilatı təsis edildi.

Təsis yığıncağını giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov yığıncaq iştirakçılarını salamladı və ölkəmizin yenicə müstəqillik qazandığı illərdə üzləşdiyi ağır və mürəkkəb ictimai-siyasi vəziyyətdən, dövlətimizin və xalqımızın təhlükəsizliyinə olan ciddi təhdidlərdən, Yeni Azərbaycan Partiyasının tarixindən, siyasi fəaliyyətindən, bu günkü inkişafından və əldə etdiyi uğurlardan ətraflı bəhs etdi. Vurğuladı ki, partiya ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edildikdən sonra ölkəmizin siyasi arenasında öz mütəşəkkilliyi və dövlətçiliyi dəstəkləməsi ilə seçilib. Bu gün də bu siyasi kurs davam etdirilir. Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq ölkəmizdəki və dünyadakı nüfuz getdikcə artır. Ramiz Göyüşov həmçinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan danışdı. Hər bir vətəndaşımızı, partiya üzvünü dövlət başçısı cənab İlham Əliyevin siyasi fəaliyyətini dəstəkləməyə və onun ətrafında sıx birləşməyə çağırdı. Yeni ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı yığıncaq iştirakçılarının təşəbbüslərini alqışladığını bildirdi.

Ramiz Göyüşov daha sonra gündəlikdə duran məsələlər barədə məlumat verdi. Gündəlikdə əsasən yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi, təşkilatının İdarə Heyətinin, sədr və sədr müavinlərinin seçiləcəyi məsələlərinin dayandığını diqqətə çatdırdı. Gündəlikdə duran məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi. Qərarlara əsasən Mir Cəlal 1D (“Xaliq Faiqoğlu” şirkəti) ünvanlı ərazi ilk partiya təşkilatı təsis edildi. Ərazi ilk partiya təşkilatına 7 nəfərdən ibarət İdarə Heyəti, partiya üzvü İbrahim Quliyevin təklifi əsasında Faiq Seyidov sədr, Xaliq Seyidov və Mehdi Əzimov isə sədr müavinləri seçildilər.

Yığıncaqda çıxış edən Binəqədi rayonu, Mir Cəlal 1D (“Xaliq Faiqoğlu” şirkəti) ünvanlı ərazi ilk partiya təşkilatının sədri Faiq Seyidov göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkürünü bildirdi. Göstərilən etimadı doğruldacağını bildirdi. Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmağın onun üçün böyük qürur olduğunu söylədi. Çıxışında ərazi ilk partiya təşkilatının uğurlu fəaliyyəti üçün əzmlə və səylə çalışacağını qeyd etdi. Rəhbərlik etdiyi “Xaliq Faiqoğlu” şirkətinin fəaliyyəti, sərnişin daşımada gördükləri işlər barədə də məlumat verdi.

Sonda xatirə şəkli çəkdirildi.