COP29 Azərbaycan üzrə baş icraçı direktor: Ənənəvi iqtisadi inkişaf modeli Yer kürəsinə zərərlidir

Tarix: 01.07.2024

Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin Beynəlxalq İqlim Konfransının əhəmiyyəti və nəticələri, Azərbaycanın COP29-a sədrliyinin çağırışlara töhfələri, COP-un gündəliyində duran əsas məsələlər, təbii ehtiyatların idarə edilməsi və iqlim dəyişikliyi ilə bağlı proqnozlar, Azərbaycanın yaşıl enerji sahəsindəki planları ilə bağlı  suallarını cavablandırıb.

 Nazir müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanovla müsahibəni təqdim edirik.

- Elnur müəllim, iyun ayında Almaniyanın Bonn şəhərində təşkil olunan BMT-nin Beynəlxalq İqlim Konfransında iştirak etdiniz. Konfransın əhəmiyyəti barədə və tədbirlə bağlı təəssüratınızı bölüşməyinizi xahiş edirik.

- COP-un təşkilatçılığında maraqlı bir məqam var: hazırda hörmətli Muxtar Babayev COP29-un müəyyən olunmuş prezidentidir. Rəsmi və hüquqi olaraq COP prezidentliyi hələ də Birləşmiş Ərəb Əmirliklərindədir. Muxtar müəllim ancaq cari ilin noyabrında COP prezidenti seçiləcək və bu səlahiyyət növbəti COP30-a qədər davam edəcək. Bu mənada Bonn iqlim konfransının birinci əhəmiyyəti ondan ibarətdir ki, de-yure olmasa da COP prezidentliyi artıq de-fakto olaraq Birləşmiş Ərəb Əmirliyindən Azərbaycana keçdi. Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir. Digər bir məsələ ondan ibarətdir ki, Bonn iqlim konfransı tərəflər arasında rəsmi danışıqların başlandığı ilk tədbirin və Bakıda keçiriləcək COP29-un hazırlıq mərhələsi sayılır. Bonnda nə qədər çox məsələ həll olarsa Bakıda işlər bir o qədər sürətli irəliləyər və strateji qərarların verilməsi bir o qədər asanlaşar.

COP əslində Birləşmiş Millətlər İqlim Dəyişmələri Konvensiyasının və onun Kioto və Paris sazişlərinin həyata keçirilməsində ali qərarvermə orqanıdır. Daha fərqli ifadə ilə, COP bu üç müqavilənin interpretasiyası və icrası ilə bağlı yekun qərarların verildiyi tədbirdir. Amma COP-un ali idarəetmə orqanı olaraq yaratdığı altqurumlar var. Bonnda SBİ and SBSTA adlandırılan həmin iki əsas altqurumun konfransı keçirilir ki, bu da yuxarıda qeyd edildiyi kimi, əsas toplantı olan COP-a hazırlıq nöqteyi-nəzərindən əhəmiyyətlidir. Eyni zamanda, Bonn görüşləri COP Prezidentliyi üçün tərəflərin mövqelərini başa düşmək və onların hansı səviyyəyə qədər kompromisə getməyə hazır olduqlarının xəritəsini çıxarmaq nöqteyi-nəzərindən də çox əhəmiyyətlidir.

- İqlim məsələləri heç vaxt olmadığı qədər aktualdır. Belə bir zamanda Azərbaycanın COP29-a sədrliyi çağırışlara hansı töhfələri verəcək?

- Elmin bizə verdiyi ən güvənli, ən son məlumatlar işığında ortaya çıxır ki, son iki əsrin iqtisadi inkişaf modelləri davam etdirilərsə Yer kürəsinin həssas iqlim balansının qorunması mümkün olmaya bilər. Bunun fəsadları tamamilə idarəetmədən çıxa, insanlıq və təbiət üçün çox xoşagəlməz nəticələr yarana bilər. Hazırda insanlar tərəfindən illik olaraq atmosferə təqribən 54 milyard ton karbon dioksid ekvivalenti istixana qazları atılır və bunlar da qlobal istiləşməyə səbəb olur. 2023-cü ilin mart ayından 2024-cü ilin mart ayına qədərki 12 ay 19-cu əsrin ikinci yarısından bu yana ən isti period olaraq qeydiyyata keçib. Yer kürəsinin temperaturu artıq sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcəyə qədər artıb. Düzdür, alimlər bu artımın keçici səbəblərdən qaynaqlandığını və qısadönəmli olduğunu hesab edirlər. Amma ümumilikdə hal-hazırdakı ortalama uzunmüddətli artım artıq 1,1 dərəcədir. İqlim dəyişmələrinin fəsadlarını müəyyən ölçüdə idarəediləbilən səviyyədə saxlamaq istəyirksə, sənaye öncəsi dövrlə müqayisədə temperaturu 2 dərəcənin xeyli altında saxlamalı və 1,5 artımla məhdudlaşma üçün cəhd göstərməliyik. Alternativ fikirlər ola bilər, ancaq elmi müzakirə və araşdırmaların ortaya qoyduğu yekun nəticələr əsasında addımların atılması zəruridir.

Burada çox mühüm bir məqam qeyd edilməlidir: insanlar Yer kürəsini xilas etməklə iqtisadi inkişaf arasında seçim etməməlidirlər. Yəni, “iqlim dəyişmələrini kontrol altına alaq”, ancaq bunun qarşılığında “iqtisadi inkişafdan vaz keçək” seçimi olmamalıdır. Əslində ən böyük sual bundan ibarətdir ki, biz qlobal istiləşməyə səbəb olmayan hansı yeni iqtisadi inkişaf modellərini ortaya qoymalıyıq? İnsan həyatının keyfiyyətinə pis təsir etdiyi üçün qlobal istiləşmənin qarşısını almağa çalışırıq, ancaq bunu edərkən paradoksal olaraq iqtisadi inkişafı yavaşladaraq insanların həyat keyfiyyətini azaltmamalıyıq. Ənənəvi iqtisadi inkişaf modeli Yer kürəsinə zərərlidir. Qərb ölkələri daha çox bu modellə inkişaf etdilər. Onlar bu yola dava edərsə, və hazırda inkişaf etməkdə olan ölkələr də eyni modeli seçərsə, hər şeyi itirə bilərik.

İqlim müqavilələrində çox əhəmiyyətli bir ifadə var: ortaq, amma fərqli məsuliyyətlər, fərqli imkanlar və milli şəraitlər. Təbii ki iqlim həlləri kollektiv olmalıdır, çünki bütün dövlətlər eyni dünyanı və eyni atmosferi paylaşır. Ancaq kollektiv fəaliyyətdə məsuliyyət bölgüsü ədalətli olmalı, eyni zamanda, imkanlara və milli şərtlərə baxılmalıdır. Paradoks bundan ibarətdir ki, müəyyən istisnalar olmaqla yanaşı, bu gün iqlim dəyişmələri ilə mübarizə aparmağa maliyyə və texnoloji cəhətdən ən qadir ölkələr atmosferə tarixi olaraq və hal-hazırda ən çox istixana qazları atanlardır. Beləliklə, inkişaf etmiş ölkələr iqlim dəyişmələri fəaliyyətinə liderlik etməklə yanaşı, tarixi olaraq və hal hazırda istixana qazlarının atılmasında cüzi rol oynayan digər ölkələrin prosesə cəlb edilməsi üçün sonunculara maliyyə, texnologiya və bacarıqlar sahəsində dəstək olmalıdırlar.

COP29 prosesinə liderlik edən ölkə olaraq bizim töhfəmiz məhz həmin bu mürəkkəb, amma qaçılmaz bir şəkildə xoşagəlməz nəticəyə doğru irəliləyən mühitdə ədalətli və effektiv qərarların verilməsini təmin etmək olacaq.

- Neft ölkəsi olmasına baxmayaraq Azərbaycan ənənəvi enerjini bərpaolunan enerji ilə əvəzləmək istiqamətində addımlar atır. Bu addımların gələcək perspektivləri barədə fikirləriniz maraqlıdır...

- Qeyd edilməlidir ki, karbohidrogenlər milyardlarla insanı yoxsulluğun caynağından xilas etmiş bir möcüzədir və tarixdə ən inkişaf etmiş sivilizasiyanın yaranmasının “olmazsa olmaz” elementidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Petersberq İqlim Dialoqunda bu istiqamətdə ciddi mesajlar verib. Əslində, bəzi ölkələr kifayət qədər maraqlı bir fikir irəli sürürlər ki, problem neft-qaz və ya daş kömür deyil, istixana qazlarıdır və beləliklə istixana qazları neytrallaşdırılsa (ağaclar əkilərək, Yerin təkinə vurularaq və s.) texniki olaraq iqlim probelmi həll edilə bilər. Əlbəttə ,reallıqda məsələ daha nüanslıdır.

Bir məqamı da qeyd edim ki, Azərbaycanın daş kömür yataqları olmasına baxmayaraq, bundan demək olaristifadə etmir. Bir çox inkişaf etmiş ölkələrdə belə hələ də karbohidrogenlərin ən çox emissiya yaradan növü olan daş kömürdən istifadə olunur. Bu mənada Azərbaycanda istehsal olunan elektrik enerjisi də kifayət qədər təmizdir. Çünki ya ən az emissiyaya sahib olan karbohidrogen yanacağı olan təbii qazdan, ya da bərpaolunan mənbələrdən əldə edilir. Eyni zamanda, Azərbaycanın təbii qaz ixrac etdiyi bir çox ölkənin daş kömürdən istifadə etdiyini nəzərə alsaq, onların iqtisadiyyatlarının qazlaşdırılması nəticədə emissiyalarının azalması ilə də nəticələnir.

Əlavə olaraq bildirim ki, enerji keçidi və ümumilikdə yaşıl keçid enerji təhlükəzliyinin qurban verilməsi mənasına gəlməməlidir. Dünyanın heç bir ölkəsi buna hazır deyil. Əslində bir çox ölkənin hələ də daş kömürdən istifadə etməsi ya iqtisadi, ya da enerji təhlükəsizliyi ilə izah edilir.

Bu məqamların qeyd etməkdə məqsədim, əslində məsələnin ağ-qara olmadığı, karbohidrogen enerji mənbələrindən istifadə sahəsində də daha yaxşı və daha pis misalların olduğu, Azərbaycanın isə birincilər sırasında yer aldığıdır.

Bununla yanaşı, Azərbaycan bərpaolunan enerjiyə keçid istiqamətində böyük addımlar atır. Azərbaycan tarixi olaraq həm neft və təbii qaz sahəsində baş verən qlobal və regional enerji inqlablarının mərkəzində yer alıb. Üçüncü məntiqi mərhələ isə yaşıl enerjidir və yaşıl enerji iqlabında da layiqli yerimizi almağa hazırlaşırıq. Bütün dünyaya örnək olan neft və qaz dəhlizlərindən sonra, Azərbaycan qlobal miqyasda maraqla qarşılanan yaşıl enerji dəhlizlərinin qurulmasında ön səflərdə yer almaqdadır. Beləliklə, tarixən olduğu kimi indi də, bu dəfə yaşıl rəngli enerji mənbəyimiz həm ölkəmiz, həm də regionunuz üçün dəyərə çevriləcək və biz qlobal enerji arxitekturasının bu sahədə də əhəmiyyətli bir sütunu halına gələcəyik.