Türkiyənin İKT şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirir

Tarix: 17.07.2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Türkiye and Azerbaijan IT & Software Trade Delegation” forumu keçirilib.Türkiyə Ticarət Nazirliyi, Türkiyə Xidmət İxracatçıları Birliyi (HİB) və “New Generation Management Company” ilə əməkdaşlıq çərçivəsində baş tutan tədbirdə Türkiyənin 15 İKT şirkətinin nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycanın innovasiya sahəsində 10 aparıcı şirkətindən olan nümayəndələr təqdimatla çıxış ediblər. Təqdimatlar zamanı şirkət nümayəndələri öz qabaqcıl təcrübələrini paylaşıblar.

Açılış nitqi ilə çıxış edən İRİA-nın sədr müşaviri Şahin Əliyev türkiyəli qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. O, bugünkü tədbirin ölkələrimiz arasında İKT və innovasiya sahəsində əməkdaşlığın daha da güclənməsi, iki ölkənin şirkətləri arasında effektiv təmasların artmasını təşviq edəcəyinə əminliyini bildirib. Türkiyə tərəfindən çıxış edən nümayəndələr bu forumun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bugünkü görüş iki ölkənin İKT şirkətləri arasında təcrübə mübadiləsi baxımından mühüm rol oyanacaq.

Daha sonra “Azərbaycanda İnnovasiya” adlı panel müzakirəsi başlayıb. Paneldə “PAŞA Sığorta”, “PAŞA Bank”, “Azercell” və Azərbaycanın digər özəl qurumlarının nümayəndələri çıxış edərək öz xidmət və məhsulları barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbirin ikinci sessiyasında Türkiyə şirkətlərinin təqdimatları baş tutub.

Qeyd edək ki, iyulun 16-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində türk şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Qonaqlar agentliyin fəaliyyəti haqqında geniş məlumat əldə edib. Türk şirkətlərinin nümayəndələri görüş əsnasında Azərbaycanda yaradılmış biznes mühiti və texnopark proqramına böyük maraq göstərdiklərini bildirərək ölkəmizdə texnopark rezidentliyi çərçivəsində təqdim olunan güzəştlərin əhəmiyyətini vurğulayıblar. Çıxışlardan sonra hər iki ölkədən olan şirkət nümayəndələri arasında müzakirələr aparılıb, potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi barədə razılıq əldə olunub.

Xatırladaq ki, ötən ilin dekabr ayında da Türkiyənin 20-yə yaxın aparıcı İKT şirkətindən nümayəndələrin iştirakı ilə analoji tədbir baş tutub, hər iki ölkə üçün məhsuldar görüşlər keçirilib. Görüşlərin nəticəsi olaraq artıq Türkiyədən üç şirkətin ölkəmizdə törəmə şirkət açması və burada fəaliyyətə başlaması istiqamətində proseslər gedir.