İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə Şərqi Zəngəzurda “SOCAR” brendli növbəti yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib. Modul tipli YDS Cəbrayılın Şükürbəyli kəndində yerləşir.
YDS Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün əlverişlidir. Bu yol Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və başlanğıcını Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolundan götürür.
“Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.
Qeyd edək ki, yeni stansiya “Heydər Əliyev İli” çərçivəsində istifadəyə verilən sayca 7-ci YDS-dir.
Hazırda Şuşa və Laçın şəhərləri, Ağdam, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Laçın şəhərində fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda istifadəyə verilən SOCAR brendli 3-cü stansiyasıdır. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərinin sayı 6-ya, ümumilikdə isə ölkə ərazisində 53-ə çatdırılıb.
“SOCAR PETROELUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq ölkə ərazisində müasir standartlara cavab verən “SOCAR” brendli YDS-lərin sayının bundan sonra da artırılması planlaşdırılır.
https://azertag.az/xeber/socar_petroleum_cebrayilda_yanacaqdoldurma_stansiyasi_istifadeye_verib-2748828