31 mart azərbaycanlıların soyqırımı ermənilərin faşist mahiyyətini bir daha sübut edir

Tarix: 30.03.2022


Tarixin müxtəlif dövrlərinə nəzər salsaq şahidi olarıq ki, xüsusilə son 200 il ərzində radikal erməni millətçiləri mifik, uydurma “Böyük Ermənistan” yaratmaq ideyasını gerçəkləşdirmək məqsədilə çoxsaylı bəşəri cinayətlər, soydaşlarımıza qarşı etniktəmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Ermənilərin məkrli niyyətlərini reallaşdırmaq üçün faşist mahiyyətindən əl çəkməyərək törətdiyi əməllər, müxtəlif ölkələrin suveren əraziləri daxilində irəli sürdükləri əsassız ərazi iddiaları insani vəhşiliyin bariz nümunəsi olmaqla yanaşı, beynəlxalq hüquqa da ən böyük etinasızlıqdır. Beynəlxalq hüququn norma və prinsiplərini, qəbul edilən sənədləri heçə sayaraq terror aktlarını davam etdirən, bununla da özünə haqq qazandıran ermənilərin təkcə qətliamları deyil, mövcudluğu belə region üçün əsl təhlükə mənbəyidir. Çünki ermənilər nəinki törətdikləri cinayətlərdən və onun nəticələrində peşman olmaq, əksinə hər keçən gün daha da azğınlaşaraq sülhü təhdid edən bəyanatlarını davam etdirirlər.

Təəssüflə  bildiririk ki, ermənilərin şüurlu şəkildə törətdiyi soyqırımı və etniktəmizləmə siyasətindən ən çox əziyyət çəkən və hələ də bunun ağır nəticələrini yaşayan xalqlardan biri də məhz Azərbaycan xalqıdır. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Tariximizə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olan və ümumxalq hüzn günümüzə çevrilən bu tarix ermənilərin siyasətini və mahiyyətini öz çılpaqlığı ilə bir daha sübut edir. Bakı Sovetinin 6 min silahlı əsgərinin və “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsinin iştirakı ilə 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə misli görünməmiş qırğınlar törədilmişdir. Nəticədə 30 mindən çox azərbaycanlını etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar amansız işgəncələrə məruz qalmışdır. 10 minlərlə insanı öz torpaqlarından qovulmuş, yaşayış məntəqələri dağıdılmış, tarixi və mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.

Bu utanc dolu tarixi hadisədən bütün dünya nəticə çıxarmalı, ermənilərin tarixi cinayətləri bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri və ictimaiyyəti tərəfindən qətiyyətlə pislənilməlidir. Azərbaycanlıların başına gətirilən bu müsibətlərə qarşı laqeyd münasibət və ikili standarlardan yanaşma digər xalqların da müxtəlif faciələr yaşamasına səbəb ola bilər. Çünki ermənilər öz işğalçı və terrorçu mahiyyətlərini hələ davam etdirirlər.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması, öyrənilməsi və həqiqətlərin dünyaya yayılması istiqamətində Azərbaycan dövləti təxirəsalınmaz işlər görür, təkcə yerli deyil, beynəlxalq ictimaiyyətin də maarifləndirilməsini prioritet olaraq görür. Çünki xalqımız öz tarixini və tarixində yaşamış qanlı günləri heç bir zaman unutmur və unutmamalıdır. Bu istiqamətdə təbliğat işlərimiz daha da intensiv şəkildə aparılmalı, Azərbaycanın haqlı mövqeyi dünyaya tanıdılmalı, uşaq, qadın, yaşlı demədən bu vəhşiliyi törədən ermənilərin əsl siması dünyaya faktlarla yayılmalıdır. Ermənilər törətdikləri qırğınlara görə beynəlxalq hüquq qarşısında da ciddi məsuliyyət daşıyır və bu cinayətlərin cəzasını mütləq çəkməlidir.

Vurğulamaq lazımdır ki, Azərbaycanın dövlət maraqlarının və haqlı mövqeyinin dünyaya çatdırılması, dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə imzalanan dövlət sənədləri və onların icrası mühüm əhəmiyyət daşıyır və bu təşəbbüs ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə başlanılmışdır. Belə ki, ulu öndərin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman məsələ ilə bağlı aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verməklə bərabər, həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlərin görülməsinə - çoxlu əsərlərin yazılması, əcnəbi dillərə tərcümə olunaraq dünyaya yayılması, bir çox yeni faktlar və sənədlərin toplanmasına səbəb olmuşdur. Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixin yaşadılması məqsədilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış və həmin fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Görülən işlərin tərkib hissəsi olaraq 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıqda 500-dək insan kəlləsi aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza nəticəsində  onların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“ yaradılmışdır. Hər il yüzlərlə turist və vətəndaşımız həmin kompleksi ziyarət edərək, erməni vəhşiliyini sübut edən məzarlıqlarla tanış olur və soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir.

                                                                                 

Yeni Azərbaycan Partiyası

Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov