Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Tarix: 16.04.2024


İlk Superkubok oyunu 1993-cü il fevralın 21-də oynanılıb. Sumqayıtda "Neftçi" ilə "İnşaatçı Bakı" komandaları arasında keçirilmiş qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 4:1.

1993-cü ildə təşkil olunan Superkubok matçı baş tutmayıb. Mövsümü "qızıl dubl"la başa vuran "Qarabağ" təşkilatçılar tərəfindən üç titulla mükafatlandırılıb.

1994-1995-ci illər mövsümündə çempion olan "Kəpəz" Superkubok uğrunda oynamaqdan imtina etdiyi üçün ölkə kubokun qalibi "Neftçi"nin qarşısına vitse-çempion "Turan" komandası çıxıb. Əsas vaxtı 1:1 hesabı ilə bitən görüşdə paytaxt təmsilçisi penaltilər seriyasında (8:7) qalib gələrək sonuncu dəfə Superkuboka sahib çıxıb.

Azərbaycan Superkuboku uğrunda sonuncu görüş 2013-cü ildə Naxçıvanda əzəli rəqiblər olan “Xəzər Lənkəran” və “Neftçi” arasında baş tutub. Bölgə təmsilçisi meydandan 2:1 hesablı qələbə ilə qalib ayrılaraq, titulun hələlik son sahibi olub.

Görəsən, Premyer Liqa təmsilçiləri dünyanın bir çox ölkəsində təşkil olunan prinsipial qarşılaşmanın Azərbaycanda yenidən bərpa olunmasını istəyirmi?

Anar Hacıyev (“Qarabağ”ın mətbuat katibi): “Əvvəlcə onu deyim ki, Superkubok oyunu ilə bağlı qərar AFFA və PFL tərəfindən verilir. Bizə gəlincə, ölkə çempionluğunu təmin etmişik. Əgər bununla bağlı yenilik olarsa, matçın hansı tarixdə keçirilməsi də önəmlidir. Çünki sıx qrafikdə oynamaq çətin olur”.

Emin Əfəndi (“Neftçi”nin mətbuat katibi): “Təbii olaraq, biz də Superkubok oyununun yenidən keçirilməsini istərdik. Bu cür oyunlar intriqanı daha da artırır”.

Elmar Abdullazadə (“Zirə”nin mətbuat katibi): “Zirə” komandası indiyədək Azərbaycan Superkuboku uğrunda matçda iştirak etməyib. Təbii ki, bizdə bu görüş təşkil olunarsa, oynamaq istəyərik”.

Səbuhi Səfiyarlı (“Qəbələ”nin idman direktoru): “Əlbəttə, Superkubokun yenidən Azərbaycanda keçirilməsi futbola olan həyəcanı və komandalar arasında gərginliyi artıracaq. Çox istərdik ki, bu cür matçlar təşkil olunsun. Ancaq yekun qərarı AFFA və PFL verir”.

Zaur Xudiyev (“Sumqayıt”ın mətbuat katibi): “Bu barədə indidən nəsə demək olmaz. Əgər AFFA qərar verərsə, ona uyğun hərəkət edəcəyik”.

Mahal Məmmədov (“Araz-Naxçıvan”ın mətbuat katibi): “Superkubok kimi əlavə bir matçın keçirilməsi müsbət məqamdır. Çünki futbolumuz və oyunçular üçün fərqli ab-hava yaradır. Ancaq bunu ənənə halına salmalıyıq”.

Azad Mustafayev (“Kəpəz”in mətbuat katibi): “Hər hansı bir turnirin, oyunun keçirilməsi ilə bağlı qərar PFL-ə bağlı məsələdir. Qurum tərəfindən qərar olarsa, biz bunu dəstəkləyə bilərik. Nəzərə almaq lazımdır ki, bu cür oyunlar əlavə həyəcan deməkdir”.

Şahin Diniyev (“Səbail”in baş məşqçisi): “Uzun illərdir “Qarabağ” ölkə çempionu olur, eləcə bəzi mövsümlərdə ölkə kubokunu qazanır. Bəlkə də Superkubok matçının yenidən keçirilməsi ölkə kubokunun finalının davamı kimi görünə bilər. Lakin liqa başlamadan öncə həlledici matçın təşkil edilməsi azarkeşlərin də xoşuna gələr”.

Ayxan Abbasov (“Turan Tovuz”un baş məşqçisi): “Bu cür oyunların keçirilməsi ölkə futbolu və azarkeşlər üçün müsbət hadisə olar. Bəzi ölkələrdə Superkubok matçları fərqli tarixlərdə baş tutur. Bu da yay fasiləsində bir sıra komandaların avrokuboklara hazırlaşması ilə əlaqədardır. Əlbəttə, biz də yenidən bu yarışın təşkilini istəyərik”.

Elnur Həmidov (“Sabah”ın mətbuat katibi): “Ölkədaxili yarışları Peşəkar Futbol Liqası təşkil edir. Bu məsələ tək bir klubun rəyindən asılı deyil. Hələlik bu istiqamətdə klubda hər hansı müzakirə aparılmayıb”.

Məsələyə Peşəkar Futbol Liqasının da münasibətini öyrəndik. Qurumun texniki-idman direktoru Elgiz Abbasov bunları söylədi: “Peşəkar Futbol Liqası olaraq hər zaman yeni liqaların yaradılması, turnirlərin keçirilməsinə müsbət yanaşmışıq. Hazırda PFL bayrağı altında 5 turnir keçirilir və ümumilikdə oyun sayı xeyli artıb. Superkubok da bizim üçün yad turnir deyil, sonuncu dəfə bunu 2013-cü ildə həyata keçirmişik. Amma cari mövsüm üçün bu yarışın keçirilməsi Əsasnamə və təqvimlə nəzərdə tutulmur. Gələcəkdə belə bir plan olarsa, ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

Premyer Liqa təmsilçilərinin mövqeyindən də göründüyü kimi, klubların böyük əksəriyyəti Superkubok oyununun keçirilməsinin əleyhinə deyil. Hətta bu matçın təşkilinin ölkə futboluna yeni həyəcan gətirəcəyinə inanırlar. Yəqin ki, bundan sonra Peşəkar Futbol Liqası Superkubok uğrunda görüşün bərpasını yenidən nəzərdən keçirəcək.