BMX və skateboarding idman növləri üzrə velosipedçilərin və skeytçilərin yarışı keçirildi.

Tarix: 31.05.2023

27 may 2023-cü il tarixində Binəqədi rayonunda rumın bəstəkarı Corce Enesku adına parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Rayon Bələdiyyəsinin dəstəyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə gənclər arasında BMX və skateboarding idman növləri üzrə velosipedçilərin və skeytçilərin yarışı keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Rayon bələdiyyəsinin sədri, Velosiped Federasiyasının əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyəti və gənclər iştirak edirdilər.
Gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edir. Ümummilli Liderimiz hər zaman gənclərimizə böyük ümidlər bəsləyirdi, çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir.
BMX və sketboarding idman növləri üzrə velosipedçilərin, eləcə də skeytçilərin maraqlı yarışında I,II və III yerə layiq görülən qaliblər Binəqədi Rayon İcra Hakimiyyətinin Fəxri fərman və qiymətli hədiyyələrilə təltif olundular.
Tədbirdə Müslüm Moqamayev adına 26 № li Onbirillik Musiqi Məktəbinin və 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbələrinin, habelə rayon üzrə öz fəallığı ilə fərqlənən gənclərin ifasında musiqilər səsləndi, rəqslər nümayiş olundu.