Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Tarix Yazan Əbədiyaşar Lider” adlı tədbir həyata keçirilmişdir.

Tarix: 01.11.2023


Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kəmaləddin Qafarov, siyasi şərhçi, politoloq İlyas Hüseynov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, BRİH başçısı Aparatının şöbə müdirləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd etdi ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, azərbaycanlı olması ilə ömür boyu fəxr edən, milli qürur və iftixar mənbəyimiz olan ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın yaradıcısıdır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün ulu öndər Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyar və nümunələrdən biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi Ulu Öndər keçmişimizdən miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir və ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ətrafında etdiyi çıxışlarında hər bir vətəndaşı da bu tarixə tapınmağa çağırırdı. Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xətt özündən sonra da uğurla davam etdirilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Ulu Öndərin vəsiyyəti yerinə yetirildi, Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu.
Növbəti çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Ümummilli lider Heydər Əliyev müstəqil dövlət quruculuğu istiqamətində vaxtında atılan addımlarla xalqımızın müqəddəratının həll edilməsində mütərəqqi dəyişikliklərin banisi olmuşdur. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Ulu Öndərin müstəsna xidmətləri vardır. Hazırda bu siyasət uğurla davam etdirilir. Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.
Daha sonra çıxış edənlər - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kəmaləddin Qafarov və siyasi şərhçi, politoloq İlyas Hüseynov vurğuladılar ki, ulu öndər Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır. Dahi şəxsiyyət canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycan bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev dühasının bəhrəsidir. Bu gün təkcə xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər, tarixçilər və politoloqlar çıxışlarında vurğulayırlar ki, ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısıdır. XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması Ulu Öndərimizin böyük siyasi fəaliyyətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin və siyasi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi, adının bəşər tarixində əbədi iz qoymuş dövlət xadimləri ilə bir sırada çəkilməsi bizim üçün hədsiz qürur və iftixar mənbəyidir.