2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.
Tədbirdə öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Əziz Axundov, Aftandil Səfərov, Bəhram Şiriyev, şəhid atası Şahin Sadıqov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev tarix yazan və qalib liderdir. Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı, zəfər qazanmış lider obrazını da özündə birləşdirir. Bu siyasətin, eyni zamanda dövlət-xalq-ordu birliyinin nəticəsində yenilməz Azərbaycan Ordusu 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etdi. İlham Əliyevin uzaqgörən siyasəti, xalqın Liderinə olan inamı, Azərbaycan Ordusunun yüksək peşəkarlığı qarşısında Ermənistan kapitulyasiyaya məcbur oldu.
Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər, dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan Lider İlham Əliyevə səs verəcəklər.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Daha sonra məhəllələrdə seçicilərlə görüşlər keçirilib.