Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140-cı mövsümünün açılışı olub

Tarix: 28.12.2021


27 dekabr 2021-ci il tarixində Binəqədi Mərkəzi Mədəniyyət Evində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140-cı mövsümünün açılışı olub. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgər və zabit heyəti, eləcə də rayonun mədəniyyət müəssisələrinin işçiləri, daimi nümayəndəliyin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev açaraq teatrın tarixinə qısa nəzər salıb, qədim sənət ocağının yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. O, teatrın Türkiyə, Gürcüstan, Dağıstan, ölkəmizin müxtəlif bölgələri və eləcə də Naxçıvan Muxtar Respublikası ilə sıx sənət əlaqələri olduğunu qeyd edib. İftixar Piriyev ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən teatra göstərilən diqqət və qayğıdan söz açıb.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək teatrın yaradılması tarixindən və keçdiyi keşməkeşli yollardan ətrafl bəhs edib. Bildirib ki, İrəvanda Azərbaycan dilində yaradılan ilk teatr olan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərir. 1882-ci ilin əvvəllərində azərbaycanlılardan ibarət teatr truppasının göstərdiyi tamaşa ilə fəaliyyətə başlayan bu mədəni mərkəz teatr tariximizə parlaq səhifələr yazıb. Vüsar İsmayılovun sözlərinə görə on minlərlə soydaşımızın Azərbaycan mədəni-ədəbi fikrinin inciləri ilə tanışlığında və milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsində teatr qüvvəsini əsirgəməyib. Bu gün də teatr özünün ən məhsuldar və uğurlu illərindən birini yaşayır. Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edən obrazların yaradılmasında və yüksək səviyyədə təqdim olunmasında teatrın əvəzsiz rolundan və teatrın bədii rəhbəri İftixar Piriyevin müəllifi olduğu “Müstəqil Vətənin memarı”, “Böyük Turanın himni”, “Nurlu ömrün anları”, “İşıqlı, nurlu sabah”, “Qurtuluş dastanı”, “Qurtuluşa gedən yol”, “Azərbaycan bayrağı”, “Qalx ayağa Azərbaycan” adlı əsərlərə və tamaşalara diqqət çəkib. Həmçinin teatrın bədii rəhbəri İftixar Piriyevin ictimai-siyasi fəaliyyətindən söhbət açaraq onun Yeni Azərbaycan Partiyasının sıralarında fəal təmsil olunduğunu söyləyib. Çıxışının sonunda teatrın 140-cı mövsümünün açılışı münasibətilə kollektivi təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək, İrəvan teatrının nailiyyətlərindən danışıb, Binəqədi rayonu ilə birgə keçirilən bir çox müştərək tədbirlərdən söhbət açıb və yeni mövsümün açılışı münasibətilə kollektivi təbrik edib.

Mövsüm açılışında V.Siqarevin “Şeytan ailəsi” tamaşasının premyerası nümayiş olunub.