Deputat: Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə postmüharibə dövrünün birillik hesabatı idi

Tarix: 14.04.2022

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə təkcə 2022-ci ilin ilk üç ayının yekunlarına həsr edilmiş müşavirə deyil, həm də postmüharibə dövrünün bir illik hesabatı idi. Dövlətimizin başçısı əslində son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişafımız kontekstində, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Dövlətimizin başçısının üzərində dayandığı məsələlərin ayrı-ayrı bloklardan ibarət olduğunu diqqətə çatdıran H.Babaoğlu qeyd edib: “Diqqətlə nəzər saldıqda ilk növbədə görürük ki, Prezident İlham Əliyev beynəlxalq məsələlərə diqqət çəkərək ərazilərimizin bərpası və Böyük Qayıdış kontekstində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı. Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki Böyük Qayıdış da, ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması məsələsi də beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə sıx əlaqədardır. Ona görə də Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT–nin davranışlarına diqqət çəkərək, onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. BMT-Azərbaycan münasibətlərinə, xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını “isterika” adlandıran dövlətimizin başçısı beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etdiklərini vurğuladı. Prezident bu kontekstdə Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi”.

Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasəti müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğurlar qazanır. Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallığın dünya tərəfindən qəbul edilməsi hadisəsi mühüm tarixi-strateji uğurdur. “Beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev bir məsələni də xüsusi vurğuladı ki, ATƏT-in Minsk qrupu de-fakto etibarsızıdır, qeyri-funksionaldır. Yəni bu qurum fəaliyyət göstərdiyi 28 il müddətində sıfır nəticə göstərdiyi kimi bu gün də faktiki olaraq fəaliyyətsizdir. Çünki onun fəaliyyətinin predmeti artıq yoxdur. Ona görə də Prezident İlham Əliyev ATƏT-ə maraqlı çağırış edərək bildirdi ki, bu təşkilat ictimai diplomatiyanı canlandıraraq regionda etimad mühitinin yaradılması ilə məşğul ola bilər. Avropa İttifaqının mövqeyinə gəldikdə isə, Prezident İlham Əliyev bu mühüm qurumun aprel ayının 6-da təşkil etdiyi üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini bildirdi. Bu, olduqca mühüm hadisədir və regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər”.

Dövlətimizin başçısının öz çıxışının növbəti blokunda milli yaddaşımıza tarixi çağırış etdiyini vurğulayan deputatın sözlərinə görə, bu, bu gün və gələcək üçün olduqca vacib çağırış idi: “Biz işğalı, Xocalını unutmamalı, daima güclü olmalı, hər cür risklərə həmişə hazır olmalıyıq. Bu kontekstə Prezident İlham Əliyev dərhal ölkəmizdə ordu quruculuğu məsələlərinə toxunaraq Hadrutda yaradılan komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqəti çəkdi, Azərbaycan Ordusunun daima güclü olmasının vacibliyi qeyd edildi. Əslində, bu fikirlər bundan sonra Azərbaycanda milli ordu modelinin necə olmasına da bir növ istiqamət vermiş oldu. Ordumuz peşəkar hərbi kadrlardan komplektləşdirilərək Türkiyə ordusu modelində güclü bir ordu olacaq”.

H.Babaoğlu dövlətimizin başçısının çıxışında postmüharibə iqtisadiyyatı və onun əsas istiqamətlərinə diqqət çəkdiyini bildirib. Prezidentimizin toxunduğu məqamlar regionumuzda sülhün və rifahın, Azərbaycanın gələcək inkişafının iqtisadi paradiqmalarını özündə ehtiva edirdi.

“Müşavirədə regional kommunikasiyaların açılmasının vacibliyi vurğulandı. Xüsusilə, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklə bağlı dövlətimizin başçısı qeyd etdi ki, əgər üçtərəfli razılaşmanın tələblərindən biri pozulacağı və Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacağı təqdirdə Azərbaycan da üçtərəfli razılaşma ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacaq. Bu, Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər. 12 aprel müşavirəsi ölkədaxili və xarici milli cağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldı”, - deyə deputat fikirlərini sonlandırıb.