Ekspert: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionun inkişafına geniş imkanlar yaradacaq

Tarix: 17.03.2023

Bu gün dünyada və regionda baş verən proseslər fonunda Azərbaycan ilə Gürcüstan biri-biri ilə daha sıx əməkdaşlıq etməli, strateji tərəfdaşlığımız daha da möhkəmlənməlidir.

Bu sözləri Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsi sədrinin müavini, təhlükəsizlik məsələləri üzrə ekspert Teona Akubardia söyləyib.

Onun sözlərinə görə, ölkələrimiz müdafiə, energetika, nəqliyyat, turizm və digər sahələrdə çox yaxşı əməkdaşlıq edir. Bizim həmçinin, Qara dənizin altından optik kabel xəttinin çəkilməsi, “yaşıl enerji” sahəsində, Azərbaycanın karbohidrogen ehtiyatlarının Gürcüstan ərazisindən daşınması sahələrində də səmərəli əməkdaşlığımız var.

Regionda sülhün bərqərar olması məsələsini şərh edən ekspert deyib: “Biz sülh məsələsində də birgə əməkdaşlıq edirik. Gürcüstan Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması üçün platforma rolunu oynamağa hazırdır və bu istiqamətdə artıq müəyyən addımlar atılıb. Düşünürəm ki, sülhün əldə olunması təkcə Azərbaycanın və Ermənistanın deyil, Gürcüstanın və bütövlükdə regionun inkişafı üçün geniş imkanlar yaradacaq. Bunu hamı başa düşməli və vaxtında qətiyyətli addımlar atılmalıdır”.

“Davamlı sülhə nail olmaq üçün təkcə rəsmi qurumlar arasında deyil, ekspertlər arasında da görüşlərin keçirilməsi müsbət nəticələr verə bilər. Hər bir halda vətəndaş cəmiyyətləri, xalq diplomatiyası vacibdir”, - deyə T.Akubardia vurğulayıb.


https://azertag.az/xeber/Ekspert_Azerbaycan_ile_Ermenistan_arasinda_sulh_muqavilesinin_imzalanmasi_regionun_inkisafina_genis_imkanlar_yaradacaq-2536199